Böyük yolun Müzəffər davamçısı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Kürdəmir rayonunun Atakişili və Şıxımlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri şəhid atası Bahadur Paşayev, Dürriyə Seyidova, Əlisahab Əliabbasov və Əsbət Musayeva çıxış ediblər.

Qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edib, uca zirvələr fəth edərək dünyada böyük mövqe sahibi olub. Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Vurğulanıb ki,  “Zəfər seçkisi” kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir.

Natiqlər cənab İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən bir lider olduğunu bildiriblər.

Görüşlərdə çıxış edən seçicilər Zəfər seçkisinə böyük sevinc və qürurla getdiklərini, fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.