Qar 42 nəfəri xəstəxanalıq etdi - Təcili Tibbi Yardım

Fevralın 2-də qarda yıxılaraq xəsarət alanlarla bağlı müraciətlərin sayında artım müşahidə edilib.

 

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Lent.az-a bildirilib ki, dünən və bu gün ərzində ümumilikdə 42 nəfər qarda sürüşərək xəsarət alıb.

 

 R.Nağıyev deyib ki, onlardan 38 nəfəri xəstəxanaya yerləşdirilib: " Travmalar yenə də əsasən aşağı və yuxarı ətrafların zədələnmələri, çıxıqlar, bazu sümüyünün,  sağ biləyin  əzilməsi ilə bağlıdır”.

Baş həkim qeyd edib ki, bu gün son 1 saat ərzində 4 nəfər artıq bu travma ilə Təcili Tibbi Yardıma müraciət edib.

 

Nəzərinizə çatdıraq ki, qarda yıxılmaq istəmirsinizsə, aşağıdakı məsləhətlərə əməl edin: 

 

 Əgər varsa, mismarlı ayaqqabı geyinin, ya da ayaqqabının üzərindən corab geyinin.

 

Addımlarınızı sürətli, kiçik-kiçik atın.

 

Ayağınızın öncə burnu, sonra dabanı ilə yerə basın.

 

Qarın əzildiyi və ya üzərindən çox gedildiyi yerlərdən keçməyin.

 

Yeriyərkən bəzi yerlərdən dəstək alın.

 

Yanınızdakı dostunuzla qol-qola girməyin.

 

Yeriyərkən ayağınızın yerlə tam təmasını kəsməyin.

 

Yıxıldınızsa, o dəqiqə qalxmayın. Zərər görmüş ola bilərsiniz.

 

Bel çantası istifadə edin. Əlləriniz boş olsun.

 

Şalvar yerişi əngəlləyəcək qədər gen, uzun olmamalıdır. Çalışın qalın olsun.

 

Paltonun çox uzun olmaması yaxşıdır.

 

Yıxılarkən əl və qollar dəstək rolu yerinə yetirdiyi üçün daha çox travma alar. Əl və biləyi qoruyan əlcəklər taxın.

 

Yeriyərkən əllərin cibdə olması müqavimətin itməsinə və başın zərbə almasına səbəb olur. Əllərinizi cibinizdən çıxarın.

 

Buz sallanan binaların altından keçməyin.