"Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə İmişli, Saatlı, Sabirabad və Lənkaran rayonlarını əhatə edən "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” adlı üçillik layihənin başlanması ilə bağlı məlumatlandırma sessiyası keçirib.
Layihə iştirakçıları qeyd ediblər ki, hazırda Azərbaycanda vətəndaş cəmiyyəti yol ayrıcındadır. Qanunvericiliyə edilən dəyişikliklər, aparılan yoxlamalar və digər məsələlər onların da fəaliyəytinə təsirsiz ötüşməyib. Vətəndaş cəmiyyəti və hökumət arasında müəyyən dialoq cəhdləri var və ümid var ki, problemlər həllini tapacaq. Onların sözlərinə görə, iştirakçı təşkilatların hökumətlə problemi yoxdur və heç zaman dövlətçiliyə qarşı çıxış etməyiblər. Alınan layihələr barədə də hər zaman aidiyyatı orqanlara və mətbuata da məlumat veriblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, layihə uğurla həyata keçiriləcək və onlar həm vətəndaş cəmiyyəti, həm də hökumətlə əməkdaşlığa hazırdırlar.
Qeyd olunub ki, üçillik layihə vətəndaş cəmiyyətininn inkişafına ciddi töhvə verməklə bərabər, həm də ölkədə vətəndaş fəallığının artmasına xidmət edəcək.
Layihə iştirakçıları qeyd ediblər ki, layihə çərçivəsində 15 təlim, hökumətlə 10 dialoq tədbiri, QHT Evinin yaradılması ilə bağlı təbliğat və təşviqat kampaniyaları, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, himayə fondları barədə kampaniya, QHT-lərin Yol Xəritisi və QHT-lərin Strateji İnkişafı siyasət sənədlərinin hazırlanması barədə kurrikulumun hazırlanması, TV verilişləri və digər məsələlər nəzərdə tutulub.