«RUH» Jurnalistləri Müdafiə Komitəsi bəyanat yaydı

«RUH» Jurnalistləri Müdafiə Komitəsi Avropa Parlamenti qondarma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir:"Dinc birgəyaşam qaydalarının, demokratik dəyərlərin müasir dünya düzəninə təsirini aktuallaşdırmaq, mövcud istiqamətdəki ideya və baxışları formalaşdıraraq inkişaf etdirmək nüfuzlu beynəlxalq təşkilatlar qarşısında duran mühüm vəzifələrdəndir. Bu vəzifələrin həyata keçirilməsi isə dünyada baş verən proseslərə obyektiv yanaşma tərzindən, ayrı-ayrı xalqların məişət və mənəviyyatına, tarixi yaşantılarına ehtiramdan qaynaqlanır. Təəssüf ki, bizlər bu günlərdə Avropa Parlamenti kimi nüfuzlu qurumun timsalında tamamilə əks davranışla qarşılaşdıq. Avropa Parlamenti qondarma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qətnamə ilə nəinki tarixi həqiqətlərə etinasız yanaşdı, habelə Qərb demokratiyasının mütərəqqi mahiyyətini heçə endirdi. Azərbaycanın ilk jurnalist təşkilatlarından olan «RUH» Jurnalistləri Müdafiə Komitəsi belə halın yolverilməzliyini bəyan edir, Avropa Parlamentinin məlum addımını qətiyyətlə pisləyir. Avropa Parlamentinin qondarma mahiyyətli məsələ ilə bağlı qətnaməsi bütövlükdə türk dünyasında olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Azərbaycanda da böyük hiddətlə qarşılanıb. Çünki Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciəsini - Xocalı soyqırımını yaşamış xalqdır. 1992-ci ildə Xocalıda vandalizm aktını həyata keçirənlərin 2015-ci ildə Avropa Parlamenti kimi qurumda tam ədalətsiz bir qərar çıxarılmasına lobbiçilik etmələri olduqca üzücüdür. Hesab edirik ki, qurumun bu cür yanaşması onun demokratik dəyərlərin vacib atributu sayılan söz və ifadə azadlığı məsələlərinə obyektiv baxışını da şübhə altına alır.

 «RUH» JMK dünyanın aparıcı media vasitələrinə, jurnalist təşkilatlarına, beynəlxalq ictimayyətə müraciət edərək onları Avropa Parlamentinin məlum qətnaməsinə qarşı etiraz səsini ucaltmağa, «erməni soyqırımı» ilə bağlı əsl həqiqətləri işıqlandırılmasına və dərkinə çağırır. Düşünürük ki, bu fəaliyyət təkcə türk toplumunun haqqı işinə olan obyektiv münasibət deyil, eyni zamanda dünyada ədalətin təntənəsinə yönələn vacib missiya olacaq”.