Bu gün bütün dünyada Beynəlxalq Əczaçı Günü qeyd olunur

Beynəlxalq  Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation)  tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilib. 
Xəstə hər hansı bir dərmanı əldə edənə kimi, onu bütün mərhələlərdə bir əczaçı müşaiyət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinə zəmanət verməkdir.
Hər gün bütün dünyada farmasiya elminin və praktikasının minlərlə nümayəndəsi dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə ünsiyyətdədir. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistika onu göstərir ki, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli problem hüdudlarından çıxaraq qlobal problemə çevrilib.
Beynəlxalq Əczaçılıq Federasiyasının prezidentinin sözlərinə görə, əczaçı gününün qeyd edilməsi cəmiyyətdəki səhiyyə sistemində əczaçıların əhəmiyyətini anlamaq üçün yaxşı bir fürsətdir.
Azərbaycanda hər il mükafatlandırılan tibb işçiləri arasında əczaçılar da olur. Ölkəmizin inkişaf etdirilməkdə olan əczaçılıq sənayesindən daxil olan gəlirlkəri də artmaqdadır. Səhiyyəmizin bu sektorunda çalışan bütün işçiləri “Beynəlxalq Əczaçılar günü” münasibətilə təbrik edir, onlara həyatda ən şirin nemət olan can sağlığı arzulayırıq.

Elnarə Həziyeva