Azərbaycan Prezidenti İlham Əliyevin təkcə qardaş yox, həmçinin müttəfiq ölkə olan Türkiyəyə səfəri beynəlxalq münasibətlər sistemində yaranan böhran nəticəsində dünyada və regionumuzda baş verən mürəkkəb geostrateji proseslər kontekstində baş tutması çox ciddi əhəmiyyət kəsb edir.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov Prezident İlham Əliyevin ötən gün Türkiyəyə etdiyi işgüzar səfəri şərh edərkən deyib .
Onun sözlərinə görə, dünyanın təhlükəsizlik sisteminə cavabdeh olan beynəlxalq təşkilatlar baş verən proseslərə adekvat reaksiya verə bilmədiklərindən fəaliyyətləri tamamilə iflic olub. “Bu gün sadəcə dünyanın təhlükəsizlik sisteminin qorunub-saxlanmasına və daha ciddi təlatümlərin, kataklizmlərin yaranmamasına çalışan bir neçə ölkə var. Bunlardan biri də məhz Türkiyədir. Qardaş Türkiyənin son illərdəki fəaliyyəti ancaq dünyadakı təhlükəsizlik sisteminin qorunub-saxlanması və dünyada sülhün bərqərar olması istiqamətində yönəlib. Bu istiqamətdə çox ciddi səylər göstərməkdədir. Artıq dünya birliyi də Türkiyənin bu rolunu görür və bununla hesablaşmaq zorunda qalırlar. Bu baxımdan Türkiyə Cənubi Qafqaz bölgəsində də sülhün, sabitliyin, təhlükəsiziliyin, inkişafın və əməkdaşlığın yaranması istiqamətində çox böyük çabalar ortaya qoymaqdadır. Türkiyənin bu məsələdə müstəsna rolu var” - deputat qeyd edib.
O əlavə edib ki, cənab Prezidentin bu gün Rusiya-Ukrayna, istər regional, istərsə də qlobal siyasi proseslər fonunda Türkiyəyə səfəri və prezident Ərdoğanla 4 saata yaxın davam edən danışıqları ciddi mətləblərdən xəbər verir: “Bu səfər hər şeydən öncə dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Aərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından, o cümlədən qonşu bölgələrdə, Yaxın Şərq və postsovet məkanında hibrid və genişmiqyaslı müharibələrinin alovlandığı bir zamanda mühüm əhəmiyyət kəsb edir. Bu səfər hər şeydən öncə bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına, inteqrasiyanın dərinləşməsiznə xidmət edən bir səfərdir. Hər iki liderin amalı bölgəmizdə, ümumiyyətlə dünyada sabitliyin və təhlükəsizliyin təmin olunması, beynəlxalq təhlükəsizlik sisteminə ciddi zədələrin dəyməməsidir”.
Deputat hesab edir ki, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan görüşlərində 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallığın şərtlərinə uyğun fəaliyyət istiqamətləri, Rusiya-Ukrayna müharibəsinın yaratdığı mövcud reallıq və buna uyğun hər iki ölkənin atacağı addımlar və fəaliyyətlərini koordinasiya etmək, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iki qardaş ölkənin ata biləcəkləri mümkün birgə addımları müzakirə olunub. Tərəflər eyni zamanda Şuşa Bəyannaməsindən irəli gələn məsələləri, ölkələr arasındakı münasibətlərin daha üst səviyyəyə qaldırılması, postmüharibə dövründə bölgədə həyata keçirilən və keçiriləcək layihələr, Ermənistanla əlaqələrin qurulması və bu istiqamətdə qarşıdakı dönəmdə atılacaq addımlar ətrafında da fikir mübadiləsi aparıb. Ümumiyyətlə bu səfər və Ankarada keçirlən görüş nəticə etibarı ilə iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərinin dərinləşməsinə, eyni zamanda bölgədə sabitliyin təmin olunub, əməkdaşlığın daha da inkişafına, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, bölgədəki münaqişələrin tezliklə həll edilməsinə öz töhfəsini verəcək.
Hazırda ortaq etnik kökdən, ortaq mədəniyyətdən və siyasi keçmişdən gələn xalqların bir-biri ilə amansız müharibə apardığı bir vaxta Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı möhkəm təməllər üzərində qurulub və kimsə bu qardaşlığı poza bilməz. Bu sarsılmaz qardaşlıq münasibətləri bundan sonra da daha da inkişaf edərək dünyaya nümunə olacaq. Bu münasibətlərdən qazanan Avrasiya məkanı olacaq”.