Bu, Vaşinqtondakı sülh danışıqlarını pozmağa yönəlmiş təxribat idi - AÇIQLAMA

“Ermənistan tərəfi davamlı olaraq sülh danışıqlarının alternativinin olmadığını bəyan etsələr də, lakin onların sülh danışıqlarını pozub, sabotaj etmək artıq bir ənənə halını alıb. Nə zaman ki, sülh danışıqları istiqamətində ciddi müzakirələr başlayır, o zaman erməni tərəfi təxribata əl atıb, onu pozmağa çalışır. Ermənilər bu dəfə də Qarabağda təxribata əl atıb, Vaşinqtondakı sülh danışıqlarını pozmağa cəhd idi”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Əliabbas Salahzadə deyib.

 Onun sözlərinə görə, təxribatdan sonra Xankəndindəki separatçılar beynəlxalq aləmə haray-həşir salıb danışıqlar prosesini pozub, dayandırmağa çalışdılar. “Amma bu cəhd uğursuz oldu. Artıq Ağ Evdəkilər də ermənilərin bu hiyələrinin yaxşı görür və anlayır. Tərəflər bu təxribata rəğmən danışıqları davam etdirdilər. Ermənilər bilməlidirlər ki, artıq bundan sonra da ermənilərin belə cəhdləri nəticə verməyəcək. Bölgədə sülhün əldə olunmasına maraqlı olmayan və ermənilərin arxasında hansı qüvvələrin dayanmasından aslı olmayaraq Azərbaycan sülh gündəliyini açıqlayıb və ona uyğun da prosesi irəli aparmaqda qətiyyətlidir. Kimsə bunun qarşısını ala bilməyəcək”, - o qeyd edib.

 O əlavə edib ki, Qarabağdakı separatçıların iyunun 27-də axşam saatlarında törətdiyi təxribata cavab olaraq Azərbaycan tərəfinin həyata keçirdiyi cavab əməliyyatı bölgədə sülhə əngəl olmaq istəyən qüvvələrə ciddi bir mesaj idi: “Ordumuzun dəqiq cavab zərbələri nəticəsində Azərbaycan ərazisindəki erməni silahlı birləşməsinin 5 terrorçusu məhv edildi. Azərbaycan bununla bir daha mövqeyini ortayaraq nəinki ermənilərə, beynəlxalq aləmə aydın mesaj verdi ki, istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Bu məsələdə kimsənin şübhəsi olmasın.

Mesaj həm də ondan ibarət idi ki, Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir və kimsənin bu məsələyə müdaxiləsinə imkan verməyəcək. Bununla da bağlı Bakının mövqeyi oratadadır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilərin iki çıxış yolu var: ya Azərbaycan qanunlarına uyğun vətəndaşlığını qəbul edib, təhlükəsiz həyatını davam etdirir, ya da yol açıqdır. Hər hansı üçüncü variant yoxdur. Sadəcə görünən odur ki, Xankəndindəki seprataçı-terrorçu rejim kimlərə və ya nəyəsə ümid edib, Azərbaycan Prezidentinin bu xoş niyyətindən nəticə çıxarmaq istəmir. Amma son hadisə göstərdi ki, Azərbaycanın da səbrinin bir həddi var. Lazım gələrsə, dəqiq zərbələrlə separatçı-terrorçular məhv ediləcək. Ya da antiterror əməliyyatı qaçılmaz olacaq. O zaman isə onların nə qaçacaq yerləri olacaq, nə də imdadlarına yetişəcək kimsə.

İrəvan da baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Bilməlidir ki, bölgədə sülhü istəməyən qüvvələrlə işbirliyində olmaq onların xeyrinə olamayacaq və əvəllər olduğu kimi, yenə də bunun ağır bədəlini ermənilər ödəmiş olacaq. İstər revanşistlər, istərsə də onların havadarları bilməlidirlər ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən Azərbaycandır və sülh danışıqlarını pozub dalana dirəmək onlara heç da yaxşı sonluq vəd etmir.

Vaşinqtonda hazırda keçirilən görüş də bütün dediklərimi sübut edir. Beynəlxalq aləm və dünyanın aparıcı dövlətləri də Azərbaycanın hansı gücə və bugünkü geosiyasi reallıqda, yeni dünya düzənində hansı önəmə malik bir dövlət olduğunu qəbul edir, onunla hesablaşırlar. Ermənilər bundan nə qədər tez nəticə çıxarsalar yaxşı olar. Yoxsa...”.