Yekaterinburqda Lənkəranskinin “kassiri” tutuldu

Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı Mail Əliyev adlı azərbaycanlı saxlanılıb. Lent. az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Əliyevin üzərindən 4, 5 milyon rubl (təxminən 105 min manat) pul götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, onun üstündəki pullar Yekaterinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasından yığılmış və "qara kassa”ya çatacaq pullar imiş.

Xatırladaq ki, bir neçə gün əvvəl adıçəkilən şəhərdə yerli OMON-un restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Həmyerlilərimizin yığışdığı restoranda şəhərdəki iri ticarət obyektlərinə "smotryayuşi” seçilməliydi. Bu məqsədlə hətta tanınmış "qanuni oğru” Rövşən Lənkaranski Merab Suxumski adlı avtoriteti Yekaterinburqa göndərmişdi. Amma OMON-un qəfil hücumu yeni "smotryayuşi” Ağayar Ağayevin təyinatına mane olmuşdu.

Yerli KİV-lərin yazdığına görə, əslində bu pullar "obşak” üçün yığılmış vəsait olub.

Yerli diaspora liderlərindən olan Şahin Şıxlınsiknin məlumatına görə, o, Mail Əliyev adlı hansısa iş adamını tanımır. "Ola bilər ki, xırda ticarətlə məşğul olur. Bunu deyə bilmərəm. Amma üzdə olan iş adamlarından olsaydı tanıyardım”.

Başqa bir məlumata görə isə, Əliyev Lənkəranskiyə yaxın kriminal qruplaşmanın Ural regionundakı kassiri kimi tanınır.