Yol polisi Bakıda gücləndirilmiş rejimə keçdi - YENİLƏNİB

"Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 7 yol qəzası qeydə alınıb".
Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 
Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gecə saat 04:00-dan mərkəzi qərargah yaradılıb: "Bakı Şəhər İcra Hakimiyyətinin "Qış Qarajı", Azəravtoyol ASC və DYP əməkdaşlarından ibarət mərkəzi qərargah yaradılıb. Yollar tam nəzarətə götürülüb və qardan təmizlənib. Paytaxtın küçə və prospektlərində sürüşmə halı müşahidə edilmir. Məhz buna görə də səhər saatlarında avtomobillərin hərəkətində heç bir problem olmayıb. Yalnız paytaxtın eniş-yoxuşlu yollarında qısa zaman ərzində sıxlıq yaranıb".

---------

11:32

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda hərəkəti tənzimləmək üçün gücləndirilmiş iş rejiminə keçib.

sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 4 radələrindən etibarən Bakı Şəhər Dövlət Yol Polisi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı avtomobil yollarının qardan təmizlənməsinə başlayıb:

"Buna baxmayaraq, bəzi ərazilərdə, paytaxtın yüksəklik yerlərində, eniş-yoxuşlu yollarında sürüşmə ehtimalları var. Hələ də Bakı ərazisinə qar yağmaqda davam edir. Xüsusi texnikalarla avtomobil yollarına, sürüşmə ehtimalı olan ərazilərə qum və duz qarışığı səpilir, yollarda avtomobillərin hərəkəti təmin edilir. Hazırda paytaxt yolları avtomobillərin hərəkəti üçün açıqdır. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyatın hərəkətinə üstünlük versinlər. Eyni zamanda, piyadalar onlar üçün nəzərdə tutulan yol və keçidlərdən istifadə etsinlər. Qar azyaşlı paytaxt sakinlərinin də sevincinə səbəb olub. Valideynlərdən xahiş edirik ki, azyaşlıları yollarda nəzarətsiz buraxmasınlar".