Zəmanə qarşısında yazıçının borcu...

Alın yazısı aləmin ruhuyla bütövləşən şair


1

Dəyərli alimimiz Qorxmaz Quliyev Facebookda bir fikir paylaşmışdı: - "Dil mənim xarici aləmlə qarşılıqlı münasibətlərimi yaradan, tənzimləyən, inkişaf etdirən dinamik vasitələr kompleksidir”.

Bəli, dil qələmin bel sütunudur. Elə mətn var ki, sən onu idarə edirsən, eləsi də var ki, qələmi əlində güclə tutub saxlayırsan. Mətnə səni çəkən maqnit dilin yüyrəkliyidir, rəvanlığıdır, səlis və axıcı işləməsidir. Biroturuma 15-20 səhifə yazırsan dil öz qüdrətini göstərəndə, səninlə məzələnməyinəhirslənmirsən, arada özün də zarafatlaşırsan və finişə çatanda dilin yoğurduğu mətn sənin əlindən tutur, səni ilk təbrik edən tamaşaçı olur. Elə də olur ki, elə bil dilinə "qara yaman çıxıb”. Dilin imkanlarına vaqif olduqca, o səni, sən də onu zirvələrə qaldırırsan. Ədəbiyyatda dəyişən dəblərı, bütün "-izm”ləri yaradan dil bacarığıdır. Dilimizin imkanlarını görmədən əlinə qələm alanlar ədəbiyyatdan qısır qalacaqlar. "Qüsur” isə Ədəbiyyatda yox, özlərindədir, çünki bu Ədəbiyyatın Füzuli və Sabir, Mehdi Hüseyn və Süleyman Rəhimov, Şəhriyar və Süleyman Rüstəm, Səməd Vurğun və Musa Yaqub, Bəhmən Vətənoğlu və Vaqif Səmədoğlu, Eldar Baxış və Vaqif Önər Bayatlı, Yavər Həsən və Aqşin Evrən, Ramiz Rövşən və Ramiz Qusarçaylı kimi şanlı övladları var, hələ bunlardan daha bərəkətliləri olacaq! Həmd olsun Yaradana ki, heç olmazsa nəsrimizdən qat-qat qabaqlarda gedən şeir sənətimiz üzağardan gündədir. Şeirimiz nəsrimizin "yeddisi”ni də, "qırxı”nı da verib, indi ona süni nəfəs verib ruhuyla əlləşir.

Mətnin kökü sözdürsə, sözün yüyrüyü, beşiyi dildir. Yetər ki, sözlər yarasın ideyanı muncuq kimi sapa düzməyə. Dil yerində olanda fikir də cəm olur, ideya bərq vurur, gözünün qarşısında mənzərə tablosu canlanır. O tabloda təsvir olunan hər şey canlıdır, hərəkətdədir, danışırlar... Birdən qulağımızı yağır eləmiş ifadə qarşına elə fərqli mənada çıxır ki, məəttəl qalırsan, – "Mən bunu niyə sezməmişəm?..” – müəllifin fəhminə "əhsən” deyirsən. Dil qocalmır, fikir heç vaxt köhnəlmir, sadəcə, vaxtaşırı üstünün külünü-kifini üfürüb parıltısını cilalamaq, fərqli müşahidələr, ekperimentlər aparmaq lazımdır.

...Oyrəli evdən işə çıxanda zibillikdə çörək eşib qoyunlarına yedirən çobanın 5-6 məzlum qoyunu üzümə elə mənalı, batmanlı mənzərə qapısı açdı ki, dodağım qaçdı. Kənddə qoyun-quzu içində böyümüşəm, milyon dəfə naxıra-nobata getmişəm, ancaq qoyun-keçi gözündə hansısa kədər, ya, hikkə hiss edəcək fəhmim olmayıb – sadəcə buna fikir verməmişəm, ağlım kəsməyib, gənc ruhum buna hazır deyilmiş. Maşının mühərriki qızanadək durub kasıbın qoyunlarının gözündəki hüznə baxmışam. O ki var qımışmışam öz-özümə. Deyəsən qoyunların halına gülməyim çobanın şəstinə də toxundu bir az. Bilirsiniz niyə gülürdüm?.. Ramiz Qusarçaylının bir şeir yaman yerinə düşmüşdü:

Varlının qoyunları dəymədüşər, ərköyün,
Səpələnib yaylağa qönçə-qönçə gül yeyir.
Kasıbın qoyunları bataqlıqda bərkiyən
Toz-torpağın içində zülüm-zülüm mələyir...

Tamı-tamına eyni mənzərəylə üz-üzəydim – kasıbın qoyunları quru, kiflənmiş çörəyi gəmirdikcə zülüm-zülüm qan ağlayırdı. "Bunlar nə vaxtsa yaylaq, otlaq üzü görübmü görəsən?..” – məni maraq götürmüşdü. Bir bu şaqqıldaq basmış arıq qoyunlara baxdım, bir də gözümün qabağında vaxtilə Xınalıq yolu boyunca Qubanın otlaqlarında, Şamaxının örüşlərində bəh-bəhlə gül-çiçək yeyən ilxı-sürülər gəldi gözümün qabağına. Qubalı millət vəkili YevdaAbramov demişkən, – "Çobandan soruşursan kimin sürüsüdür, nazirin adınacan deyirlər”...

Gündəlik danışıq dilində mükəmməl mətnlər yaratmaq ustalıqdır, hansı ki, Ramiz bu sənəti çoxdan əxz eləyib. Ramizin ustalığı sözü sayrışan kölgələriyə birlikdə işıqlandırmaq bacarığındadır. O, bədii təsvir sistemində rahatca söz, məna vərləyə bilir.Ramiz, "Dilimiz şeir üçün zəngin deyil” deyənlərin gözünə barmağını şəstlə soxur və xalqın çiçəkli, güllü dilinin sadəliyini, təravətini şeirlərində göstərir. O, xalq yaradıcılığının qaynaq çeşməsini tapıb – canlı dili ətirli güllər qədər əlvan, mənaca qanadlı, ahəngdar və musiqilidir...

2

...Şeir dövrün, tarixin, insan psixologiyasının, zəngin təfərrüatın, müşahidənin yükünü daşıyırsa, o şeir mükəmməldir, bədiidir, sehr yüklüdür, möcüzə daşıyıcısıdır. Ramiz Qusarçaylının şeirləri fikrin forma və məna məzmunu ilə elitar ədəbiyyat standartları səviyyəsindədir. Onsuz da səndən əvvəl nə yaradılıbsa, əlinin altındadır, amma bu sərvəti özündən keçirib Özünü yaratmaq ədəbiyyatpərvazlıqla ədəbiyyatın fərqini ortaya qoyur.

Bu şeirdə dərd qoyun dərdi deyil ki... Özümüz çox yaxşı bilirik, "qoyun” nədir, "it” nədir, "monqol” nədir!.. Zibillikdə qara gününü gəvələyən bu acı mənzərə səni alıb cəmiyyətin başqa guşələrinə aparır. Oxucu bu mənzərəni çox asanca paralel müstəviyə köçürə bilir. Azmı eşitmişik, görmüşük ki, varlı oğlu dədəsinə güvənib müəllimin papağıyla sinifdə futbol aynayır, partanın üstündə şıllaq atır dədəsinin mərifətinə... Amma bu şıllaqdan birini hünəri var, "yetimçə”nin biri atsın:

Varlının qoyunları çobanları dolayır,
Qoyunların ədası çobanlara xoş gəlir.
Kasıbın qoyunları çaylaqda daş yalayır
Baş qaldırsa çobanın çomağına tuş gəlir.

Ramiz Qusarçaylını olduğu kimi ən yaxşı tədqiq və təqdim edən, onu tanıdan məqalələrin müəllifi şair-tənqidçi Zakir Məmməddir. Ramiz haqqında çoxlu şeirlər, kitab və məqalələr yazılıb. Ancaq ağlım kəsən qədər müşahidə etdiklərimi əlavə etməyə həvəs görürəm özümdə. Ramiz mənim sevimli şairim olduğundan buna hardasa, haqqım da çatır...

3

...Yazdıqlarının hamısı mükəmməl olan yazıçı, şair yoxdur. O daim müşahidə və eksperimentlər aparmaqdadır. Arı milyon çiçəkdən bir damla nektar toplayan kimi, şair də hər gülün – Sözün ləçəyindən bir damla toplayır:

Hər ğül üstü bir arının iş yeri,
Ləçəyində dodaq yeri, diş yeri...

Zatən, şair bu zəhmətinə görə oxunur, qəbul olunur, sevilir, əbədiləşir və buna görə qiymətini alır. Kölələr yolunu seçənlər yox, azad düşünənlər yaradır böyük ədəbiyyatı. Riyakar, simasız, nadan və şərəfsiz cildini gizlədərək ziyalı donuna girmək olar, amma bir gün bu maska yırtılır və illərlə üst-üstə topladığın söz qalağı yerlə yeksan olur və yazdıqlarınınaldında canı çıxır, imzası, adı xıncımlanır. Odur ki, adamın sözüylə əməli bir olsun gərək!.. İstedadın azadlığını əsarətə salmaq mümkün deyil. Ramizi qandallasalar da, o, yenə heç nədən çəkinmədən öz kəsərli, insanların qeyrətini tərpədən şeirlərini yazacaqdır. Dədə Süleyman deyir ki: "Yazmaq istedad, zəhmət, bir də, bir də cəsarətdir! Bu üçü bir arada olmasa səndən yazıçı olmaz. Əsl yazıçılıq qəhrəmanlıqdır. Həyatda qorxaq adamdan kişi çıxmadığı kimi, yazıçılıqda da qorxaqdan yazıçı kişi, Kişi yazıçı çıxa bilməz! Yazıçılıq xariqüladə Cəsarətdir! Qeyrətin yoxluğu – millətin yoxluğudur! Millət diliylə, çoxluğuyla millət olmur! Millət qeyrətiylə millət olur! Dili "olmayan”, danışa bilməyən lal bir adamın qeyrəti varsa, - bu tək bir insan da – Millətdir! Millətdir! Millətdir!”. Ramiz də sənətdə üzərinə düşən ağır yükün məsuliyyətini tam dərk edən, qələmi əldən verməyən Xalq Şairidir.

Ramizin dayanmadan, yorulmadan söz cilaladığınıgörməmək mümkün deyil. Hər şeirində bədii sözün dəyərinə, şeirin poetik səviyyəsinə və sözün ilahi gücünə nə qədər diqqətlə yanaşdığının şahidiyik. Şükürlər olsun ki, Ramiz Qusarçaylı sözü özünün xeyirxahlığı, xoşniyyətliyi ilə çuğlaşan şairdir. Müqəddəs vətənin hər yönünə, dərdin hər küncünə işıq salmaq hər kişinin işi,amalı deyil, amma o, sözün ən iti tiyəsi üstündə elə məharətlə gəzə bilir ki, baxanın əli ağzında qalır, – "Allah, sən özün köməyi ol, yıxılmasın, söz əl-ayağını kəsməsin!..” – sözün adamı xəncər kimi kəsməyi var axı...

Kəndçinin bərəkəti onun tez durmağında olan kimi, nə vaxt baxırsan Ramizi təbiət qoynunda, gül-çiçək içində görürsən və əlində də o gülün qoxusunu verən təzə şeir. Onun tükənməz yaradıcılıq eşqinin ərişli-arğaclı şaxələri keçilmiş yola müasir dünyagörüşü və təzə təfəkkür işığında baxmaq imkanı verir.
4

...Ramizin şeirində məna dalınca başqa məna qatı gəlir – şeirin hər bəndində fərqli mənzərələr açılır gözünün qarşısında. Bir düşünün, ¬¬– cangüdənlərin əhatəsində "shopping”lərdə "şellənən” varlı arvadlarını, sevgililərini. Bir də onlara hayıl-mayıl qalıb, ağzını ayıraraq – "Kaş mənim də belə imkanım olaydı...” – ağzının suyunu silən, çörəyə möhtac adi insanı gözünüzün qabağına gətirin. Ya da, bahalı maşınlarla asfaltın cüyültüsünü ərşə qaldıran, maşını inildədən, yoldan keçənləri zığ-palçığa basan pullu gədələrə astadan, qorxa-qorxa, – "Sənin südünün içini...” – deyib mırıldanan ağsaqqalın hirsli gözləri dikəlmirmi qənşərinizdə bu misraları oxuyanda?:

Varlının sürüsünü bir dəstə it qoruyur,
İtlərin kölgəsində şellənir qoyun-quzu.
Kasıbın sürüsünü öz itləri kor qoyur
"Çoban açınca gözün, qalır iki buynuzu”.

Kasıbın balası pul oğurlamasın, nəşəyə qurşanmasın, neyləsin!.. Çəkiləsi dərd ha deyil!.. Varlı öz imkanını xeyirəxərcləməyəndə, ehtiyacı olanla bölüşməyəndə əlbət ki, kasıbın düşmənidir. Kasıb bu var-dövlətdə öz qabarlı əlinin zəhmətini görür, evinə əliboş, iş tapmadan dönərkən ac-susuz tifillərinə baxır və beli qırılır, başlayır Allaha üsyan eləməyə, – "Niyə bəndələrin arasında belə ayrıseçkilik edirsən, onu ana doğub, məni dana!?..” – cəmiyyətin mayasına elə burda həsəd, kin, paxıllıq, nifrət hopur. Bunlar şər toxumudur və sürətlə böyüyür, çayır kimi cəmiyyətin hər künc-bucağını basır. Əndişələrdə boğulan, çörək dalınca özünü ora-bura vuran çoxluğun bunları fikirləşməyə, görməyə halı olmur, olanda da təpəsindən vurub əlindəkini də alırlar... Bu səbəbdəndir ki, onun üçün heç bir dəxli yoxdur başçısı Aşot olsun, Sergey olsun, ya dəllək Kazım – yetər ki, qarnı doysun, məsul olduğu evin qapısını şəstlə açsın. Xalq dövlətdən belə ayrı düşür, nifrət inqilaba dartınır, əlində zopası olan isə bunu görür və dəyənəyi daha bərk vurur ciyərləri çürümüş kasıbın kürəyinə. Gözüqıpıq xalq həmişə öz zəlilliyinə şükr edən olub. Ümidi onadır ki, bunu Ziyası olanlar – ziyalılar görəcək, bir əncam çəkəcəklər. Ziyalısı olmayan kütlə özü qəddini dikəldəndə ilk növbədə susmağı üstün tutmuş "ziyalısını” alır ayağının altına.
Kütlə xalqdan qopanlardır! Dövlət xalqa yalvarmasa və Xalq vaxtında yetişməsə, kütlə hər şeyin altını üstünə çevirəcək – yaxşı-yamanlı hər şeyi!.. Kütlə xalqın da, dövlətin də düşmənidir – ən çox da Dövlətin! Heç olmazsa, xalqın dövlətə ürəyi yananda belə deyir, – "Haqq olur, sənə bu da azdır!..”, amma kütlə rəhmsiz dövlətin gözünün qənimidir!

5

Xalqın danışan dili, hayqıran haqq səsidir şair. Əslində bu misralarda qulağı eşilən, bir təpiklə kreslosundan qopan "qoyun-məmur”ların da halətini görə bilirik:

Noolsun ki, hər bankda bir qoçu var,
Bu millətin nə günahı, suçu var,
Hər keçiddə köç azdıran keçi var,
Bu tələdən kimlər gəlib keçmədi
Qoyun ili hər qoyuna düşmədi...

Xalqın başında gedənlər birmənalı olaraq qələm adamları olub həmişə! Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil Rza, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov... – çoxdankı tarix deyil ki Meydan Hərəkatı... Çünki ədalət, insanlıq, azadlıq, insaf-mürvət kimi məfhumlar birbaşa ədəbiyyatın predmetidir. Ziyası olan qələm zümrəsinin inqilabi borcudur cəmiyyətin aşsüzən kimi şadaralarını görmək-göstərmək, pislikləri tapdalayıb qoxusunu ölkəylə bir etmək, kütlənin gözünü açıb Xalqa qatmaqla cəmiyyəti islah etmək. Şair, yazıçı pisliyə ayaq basmaqla pis olmaz, üzüyünün qaşı düşməz, adına yaman deyilməz! Çünki, Dövlət də onundur, Xalq da, onun pisi-yaxşısı da! Bu mənada əsl qələm adamı, onun sənəti murdar götürmür!..

6

Quba ədəbi mühitinin, "Ay işığı”nın bu günkü uğurlarında Ramizin əməyi danılmazdır. Azərbaycanı Qafqazsız, Şəkisiz, Qarabağsız, Xəzərsiz təsəvvür etmədiyimiz kimi, şeir səltənətimizi də Ramizsiz təsəvvür etmək mümkün deyil. Ramizin sinəsində xalqın ürəyi döyünür. O, şeirdə özünün yerini tutub və daha yüksək zirvələri fəth etməyə iddialıdır, bu gücü, təpəri görür özündə. Onun söz diapazonunda, mövzu genişliyində, o nəfəsdə çox nadir şair var. Olanlar da ya imzasının kölgəsində sərinlənir, ya da tənbəlliklərinə bəhanə axtarırlar. Ramizin şeirnəhrinin qaynağı bütün hallarda xalqdır, xalqın həyatıdır. O xalq həyatını, ruhunu, psixologiyasını, dilinin imkanlarını, əlvanlığını dərindən bilir. Bu səbəbdən də doğma, tanıdığı ədəbiyyatın ənginliklərinə cəsarətlə baş vurur, dayanmadan milli psixologiyamıza güzgü tutur. Onun zəhmətkeşliyinə, yazmağa necə vaxt tapmasına sözün yaxşı mənasında həsəd aparmamaq olmur. O, sözü ədəbi materiala çevirmək üçün başqaları kimi gücənmir – "doğuşu” ağrılı yox, rahat adladır. Onda iki daşın arasında yazan Xəlil Rza Ulutürk istedadı var.

Şair, yazıçı öz xalqının fədaisi, silahını heç zaman yerə qoymayan, təxris tanımayan əsgəridir – ölənədək səfərbər vəziyyətdədir. Yazmaq onun şəkər kimi həyat tərzidir. Çox az adam ömrünü başa vurandan sonra yazdıqları onun silahını əlinə alır və xalqının yolunda həmişə hazır əsgərliyi üzərinə götürür, imzanı yaşadır. Mübarizəsiz nə həyat, nə istiqlal, nə də azadlıq var! Ramiz kimi sənətkarlar İstiqlaliyyət uğrunda Meydan Hərəkatı qədər iş görürlər. Şeir sənətinə ömür həsr etmək istəyənlər bu üstünlüyü Ramiz Qusarçaylıdan da öyrənməsələr, "gorlarında çalacaqlar”.

Bayrağımıza vaxtilə ağız büzənlərin törəmələri bu gün bayrağı murdar dodaqlarıyla mənsəb xatirinə öpüb kirlədirlər. Həmişə belə olub, bu, bir-iki nəslin faciəsi deyil – xalqın faciəsidir. Bayrağın mənasını tam anlamayan xalqın bayrağı hələ min dəfə enəcək, belə xalq daha çox qırılmağa məhkumdur. Bayraq əsrlərlə qan bahasına yazılmış ən kamil əsərdir, səmavi kitablar qədər müqəddəsdir. Xalqın dünənini, bu gününü, sabahını tarixin yaddaşına həkk etmək, ər işidir, tarix, bayraq yaratmaqdır, sonunda gələcək nəslin möhkəm himini qurmaqdır. Gərək fəhminə, damarlarında coşan qanına güvənəsən ki, Bayraq haqda şedevr yaradasan. Ramizin "Azərbaycan Bayrağı” şeiri onun yaradıcılığının indiyədək olan dövrü üçün ən mükəmməl əsərdir!

7

...Sənətkarın həyatı və taleyi açıq kitabdır – onunla şəxsi tanışlığa ehtiyac yoxdur, əsərləridir onun danışan vəkili, bir də "həssas gözün duya biləcəyi pıçıltılar”dır onun sirrini ələ verən. O daim mübarizədədir, çox şeyin fərqinə varmır, cılız hisslərə baş qoşmağa vaxt tapmır. Onun vətəndaş mövqeyi bəllidirsə və əsərlərilə özü Bütövdürsə, o, artıq seçilmişlərdəndir, görünən qəlbilikdədir – diqqət mərkəzindədir.

"Hər gözdə bir nəzər var”, bu baxımdan bütün seçilmişlərin əməl etməli olduğu bir neçə vacibatlarunudulmamalıdır. Birincisi, sənətkarlıqla birlikdə gərək ilham, cəsarət köhləninin cilovu əlində olsun, cilovu vaxtında yığa biləcək hulğumun olsun, yoxsa səni qarşıda sıldırımlı yarğan gözləyir. İkincisini ən yaxşı şəkildə yenə Süleyman Rəhimov deyir, –bu, onun qələm adamlarına nəsihətidir: ”Həyatı bir gün olsun yazısız keçirmədən mərdi namərddən ayırmağa, ancaq xalqa və yaratdığın qəhrəmanlara güvənməyə, ən vacibi isə, ürəyini təmiz saxlamağa sərf elə” – qələm adamının həyat qismətidir bu. Ən əsası və vacibi isə, təriflənəndə xumarlanmağı özünə haram buyuracaqsan. Səni tərifləyəndə qızaracaqsan, pörtəcəksən, şişib-qabarmayacaqsan, biləcəksən ki, tərifləyənin çoxdursa, demək işlərin fırıqdır – tükənməyə doğru gedirsən, tükətməyəçəkirlər səni. Qorxu içərisində yaşayanlardan firavan günlərdə belə mərdanəlik gözləməyəcəksən. Zirvənin başında dincələcəyin iri bir çapanaq var deyirlər – altı bomboş imiş. Özünə çox güvənənlər ayağını bərk bassa, kəlləmayallaq aşağı yumalanır. Canəli Əkbərəvyıxılmadımı, özüylə neçəsini də dartıb apardı... Əkrəm Əylisli öz əliylə öz başını yemədimi?..O ki qaldı ədəbi mübahisələrə, bax bu əsl arzuolunan savabdır, Dədə Süleyman demişkən, – "Ədəbi mübahisə idrakın idmanıdır”...

Ramiz Qusarçaylı ilə cəmi bircə dəfə 2-3 saatlıq görüşümüz olub. O, mənə acı bibəri necə yeməyin qaydasını öyrədən tək insandır. Şair sözünün kəsəri acı bibər kimi oxucunun gözünün yaşını tökdüyü kimi, əvəzində özü də oxucu tənqidinə dözümlü olmalıdır. Əminəm ki, Ramiz, ədəbiyyatdakı intriqalardan, dedi-qodulardan, qeybətlərdən çox-çox yuxarıda dayanan iradə sahibidir. Ən azından acı bibəri yeməyin qaydasını yaxşı bilir – "Bibər udlağından keçməyənədək ağzını açmayacaqsan, nəfəs almayacaqsan”...

8

Zəmanə qarşısında yazıçı və şairin borcu məlumdur – o, dayanmadan yazmalıdır. Amma zəmanənin də şair-yazıçı qarşısında borcu var – onun dəyərini vaxtında verməlidir. Cəmiyyətimiz bu işdə həmişə gecikib, heç bir qələm adamı öz dövründə qəbul olunmayıb. İnsanın mənəvi sərvətləri də neft kimi dərindədir – qazılıb çıxarılması lazımdır. "Qazıcı balta” Ədəbi Tənqiddir – illərdir yolunu gözlədiyimiz, nəsrdən də geridə qalan tənqid! Qəzet və jurnallarda öz sözünü demiş yaradıcı sənətkarların Facebook virtual məkanında "sığınacaq tapması” bir qədər ürəyağrıdan mənzərədir. Belələri zəmanənin çaş gözünə "girə bilməyiblər” və ümumxalq dəyərini almasalar ədəbi cameənin vicdan pərsəngi daima əyri çəkəcəkdir. Ramiz müəllim də, fikrimcə, hələ öz layiqli dəyərini almamış böyük sənətkarlarımızdandır...

Rəşid Bərgüşadlı
21 fevral 2017-ci il