Çarəsiz ata imdad diləyir: “Oğlumu xilas edin” - FOTOLAR

“Övladım Abdurreyimov Cabar anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Vəziyyəti çox ağırdır. Xahiş edirəm kömək edin”.

Bu barədə Musavat.com-a Şamaxı rayonu Dağ Bağırlı kənd sakini Abdurreyimov Faiq bildirib.

O qeyd edib ki, oğlunun vəziyyəti ilə bağlı bütün xəstəxanalara müraciət edib:

“Getmədiyimiz xəstəxana, döymədiyimiz qapı qalmayıb. Azərbaycanda bütün özəl və dövlət xəstəxanalara aparmışam. Bizə dedilər ki, övladın Türkiyədə müalicə oluna bilər. Mən də bütün sənədləri Türkiyəyə göndərmişəm. Türkiyədən cavab gəldi ki, övladım müayinələrdən keçib və sonra əməliyyat olunacaq. Türkiyədə təcili ürək əməliyyatının keçirilməsi üçün 35 min manat məbləğ lazımdır. Bu mənim ilk övladımdır, ilk göz nurumdur. Çarəsiz qalmışam. Bir dərman yazırlar, 850 manata. Özüm də fəhləyəm, o qapıda-bu qapıda işləyib günə 3-5 manat qazanıram. O dərmanları necə alım, müalicəni necə edim?! Xahiş edirəm hər kəsdən, balamı xilas edin...”

Valideyn əlavə edib ki, Türkiyədə müalicə ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də müraciət ünvanlayıb. Amma qurumdan bildirilib ki, xarici ölkədə müalicənin icbari sığorta hesabına təşkil olunması agentliyin səlahiyyətində deyil.

 

Afaq MİRAYİQ,

Musavat.com