Cavanşir Paşazadə: Uğurlu idman siyasəti yeni nailiyyətlər vəd edir

İdman siyasəti Azərbaycan hökumətinin prioritet sahələrindən biridir. Bu sahənin inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Görülən işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

O bildirib ki, idmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb. Fevralın 2-si gənclər günündə Prezident İlham Əliyev gənclərlə görüşü zamanı bir sıra məqamlara toxunub. Azərbaycan Prezidenti bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər görülür. Prezident İlham Əliyev gənclərə çağırış edərək onların bu kimi vərdişlərdən uzaq olmasını dilə gətirib. Bu baxımdan idmanın da rolu danılmazdır. Belə ki, idman gənclərin zərərli vərdişlərdən uzaq olmasını şərtləndirir.

“Bu gün Azərbaycanda idmana xüsusi maraq var. Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza var”, - deyə C.Paşazadə vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdirilməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Prezident İlham Əliyev çıxışında bu mühüm məqamlara toxunaraq hər bir vətəndaşın müntəzəm olaraq idmanla məşğul olmasını tövsiyə edib: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”.

“Dövlətimizin başçısı Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran görkəmli idmançılarımıza da maarifləndirmə işində fəal olmalarını tövsiyə edib. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanların yaradıldığını vurğulayan Prezident İlham Əliyev millətin sağlamlığı baxımından bədən tərbiyəsinin kütləvi xarakter almasının vacibliyini də önə çəkib. Prezident İlham Əliyev bildirib ki, gələcəkdə ölkəmizin idman şöhrətini daim yüksəkdə saxlamaq üçün kütləviliyi geniş şəkildə təmin etməliyik: “Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar”. Bəli bu tapşırıq və tövsiyələrin məntiqi nəticəsi kimi Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Bakı Qran-prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, digər möhtəşəm yarışlar məhz bu idman komplekslərində yüksək səviyyədə təşkil olunaraq keçirilib”, - deyə Cavanşir Paşazadə fikirlərini yekunlaşdırıb.