Suqovuşanda alovlandırılan bayram tonqalı...

Parlaq Zəfərimizdən sonra artıq ikinci ildir ki, azad edilmiş ərazilərimizdə bayram tonqalları qalanır, Novruz bayramı qeyd edilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırmaları Azərbaycan xalqının Novruz bayramını Zəfər təntənəsi ilə qeyd etdiyini təcəssüm etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri özünün proqram zənginliyi ilə yadda qaldı. Suqovuşan Vətən müharibəsinin ilk günlərində rəşadətli Ordumuz tərəfindən azad edilən ərazilərimizdəndir. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal bərpa-quruculuq işləri də məhz buradan başlanılıb. Qəsəbədə müasir izolyasiyalı və mühafizəli kabel xəttinin açılışı, yeni məscid və turizm kompleksinin təməlinin qoyulması, “N” saylı hərbi hissə və avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyinin əyani təzahürüdür. Yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması, bir sözlə, aparılan abadlıq və quruculuq prosesinin miqyası Qarabağda və Şərqi Zəngəzurda işlərin plan üzrə getdiyini deməyə əsas verir", - deyə C.Osmanov vurğulayıb.

Deputat qeyd edib ki, dövlətimizin başçısı Azərbaycan xalqına Novruz bayramı münasibəti ilə təbrikində mühüm tarixi faktlara toxundu. Otuz ilədək davam edən erməni işğalından və xalqımızın bu işğala qarşı barışmaz mövqedə olduğundan danışan Prezident İlham Əliyev abadlıq-quruculuq işlərinin sürətlə həyata keçirilməsini və keçmiş məcburi köçkünlərin tezliklə öz doğma diyarlarına qayıtmalarını qarşıda dayanan əsas vəzifələrdən olduğunu vurğuladı, torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərimizi bir daha ehtiramla andı.

Vətən müharibəsində parlaq Zəfərin qazanılmasında gənclərin roluna diqqət çəkən Prezident xalqımızın Qarabağ və Şərqi Zəngəzurda sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacağını qətiyyətlə bildirdi. "Ölkəmizdə sülh və təhlükəsizliyin qarantı Azərbaycan dövləti, rəşadətli ordumuz və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Qarabağdan Azərbaycan xalqına Novruz təbriki çatdırmağı özü üçün xoşbəxtlik hesab edən Prezident İlham Əliyev, həmçinin qarşıda dayanan bütün vəzifələrin icrası, Azərbaycanın daim yüksələn xətlə və sürətlə inkişaf etməsi üçün var gücü ilə çalışacağını bəyan etdi", - deyə C.Osmanov bildirib.

Azərbaycanın güclü iqtisadiyyata malik ölkə olduğunu qeyd edən deputat vurğulayıb ki, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində Suqovuşan da daxil olmaqla işğaldan azad edilmiş hər bir ərazimiz sürətlə bərpa olunacaq, yaşamaq və işləmək üçün lazım olan bütün infrastruktur yaradılacaq. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan xalqı öz əzəli torpaqlarına əbədi olaraq qayıdıb. Abadlıq-quruculuq işlərinin sürətlə həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri xalqımızın milli həmrəyliyi və sarsılmaz xalq-iqtidar birliyidir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz dövləti, rəşadətli Ordusu, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir.