Cəlilabadda tədbir

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi 07 oktyabr 2022-ci il tarixdə Cəlilabad şəhərində yerləşən Tibb Kollecində maarifləndirici tədbir keçirib. 

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclərdə tariximizə və maddi-mədəni abidələrə məhəbbət və mənəvi bağlılıq ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Biliyinin sədri,  layihə rəhbəri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov çıxış edib. O, təşkilatın məramı və məqsədləri, həyata keçirdikləri layihələr haqqında iştirakçılara məlumat verərək tədbirin əhəmiyyətini onların diqqətinə çatdırıb.

Layihə rəhbəri çıxışında Cəlilabad rayonunun tarixinin ən mühüm hadisələri haqqında danışaraq rus çarizminin köçürülmə siyasətinin bölgənin etnik tərkibinə mənfi təsirindən, 1918-1920-ci illərdə rayon ərazisində cərəyan etmiş hadisələrdən, ermənilərin və rus separatçılarının əməllərinə qarşı yerli əhalinin mübarizəsindən bəhs edib. O, həmçinin Azərbaycan Cümhuriyyətinin bölgədə öz suverenliyini təmin etmək məqsədilə həyata keçirdiyi tədbirlər barədə də tədbir iştirakçılarına məlumat verib.  Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi  bütövlüyü uğrunda mübarizədə cəlilabadlıların fəal iştirakından, I və II Qarabağ müharibələri zamanı göstərdikləri şücaət və qəhrəmanlığından danışıb. “Cəlilabadın tarixi həm də Azərbaycanımızın tarixinin bir hissəsidir. Gənclərimizə bölgənin tarixi ilə daha yaxından maraqlanmağı, öyrənməyi, bu tarixə sahib çıxmağı tövsiyə edirəm” -  deyə tarixçi alim qeyd edib.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Tufan Axundov tədbirdə məruzə ilə çıxış edərək Cəlilabad rayonunun qədim tarixini özündə əks etdirən arxeoloji abidələr - kurqanlar, yaşayış məskənləri haqqında məlumat verməklə yanaşı, özünün iştirakı ilə rayon ərazisində aparılmış  arxeoloji tədqiqatlar və onların nəticələri haqqında danışıb.

Professor Tufan Axundov gənclərin vətənpərvərlik tərbiyəsində maddi və mədəni abidələrin tanınmasının və qorunmasının müstəsna əhəmiyyət daşıdığını bildirib. Gənclərə tarixi-mədəni sərvətlərimiz haqqında məlumatlarla daha yaxından tanış olmağı tövsiyə edən görkəmli arxeoloq tarixi abidələrin qorunmasının başlıca vəzifə olduğunu diqqətə çatdırıb. Bu məlumatlar tədbir iştirakçılarında böyük maraq oyatdığından çoxlu suallar yaranıb. Tədqiqatçı alim bütün suallara ətraflı cavab verib.

Qeyd edək ki, professor Tufan Axundov uzun illər Cəlilabad rayonunda yerləşən Üçtəpə, Alxantəpə, Polutəpə, Uzuntəpə, Həməşəra təpəsi, Qazan köşkü və s. yerlərdə tədqiqatlar aparıb, eləcə də Üçtəpə kəndi ərazisində Neolit dövrünə aid məbədgahı aşkar edib.

Layihənin eksperti, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov çıxışında gənclərimizin tariximizə, mədəni, arxeoloji abidələrimizə sahib çıxmasının çox vacib olduğunu deyib. O, gənclərimizin məhz bu ruhda tərbiyə edilməsində və maarifləndirilməsində “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib, eləcə də bu cür tədbirlərin mühüm əhəmiyyət daşıdığnı bildirib.

Tədbirdə çıxış edən digər iştirakçılar da Cəlilabadın qədim tarixini özündə əks etdirən qiymətli abidələrlə bağlı maraqlı fikirlər səsləndiriblər.