"Cəmiyyətin təmizlənməsi prosesi davam etdirilməlidir"

"Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını qəbul edərkən kifayət qədər ətraflı, həm də onların gələcək iş fəaliyyəti, vəzifə səlahiyyətlərini icra etmələri üçün lazım olan və hazırda cəmiyyəti narahat edən bütün məsələləri ətraflı şəkildə izah etdi və tapşırıqlarını verdi. Eyni zamanda, Prezident ictimaiyyətə də müəyyən mesajlarını çatdırdı. Məmurlar əvvəllər mövcud olmuş neqativ streotiplərdən uzaq durmalı, korrupsiya və rüşvətxorluq hallarına yol verməməli, xalqın içində olmalı, kəndlərdə və şəhərlərdə müxtəlif təbəqələri narahat edən məsələləri bilavasitə vətəndaşların öz dilindən eşitməli və nəhayət problemlərin həllinə çalışmalıdırlar".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, yüksək vəzifəyə təyinat almış məmur həmin vəzifəni xüsusi imtiyaz kimi qəbul etməməlidir: "Əksinə, məmurlar vəzifənin verdiyi imkanlardan istifadə edərək təmsil olunduqları ərazidə yaşayanların rifah halının yaxşılaşmasına, dövlət siyasətinin həmin vətəndaşlara düzgün təbliğinə, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və ondan irəli gələn digər qanunların yerlərdə düzgün icra olunmasına çalışmalıdırlar. Həmçinin, əhali arasında ayrı-seçkiliyə, kadr təyinatında isə hər-hansı nepotizm (qohumlara, dostlara və digər yaxınlara ictimai işlər üçün üstünlük vermək) halına yol vermək olmaz. Prezident İlham Əliyev də qeyd etdi ki, müvafiq vəzifələrə təyinat zamanı təcrübəli və peşəkar kadrlara üstünlük verilməli, qərəzli yanaşma olmamalıdır. Məmurlar ictimai rezonans yarada biləcək hallara yol verməməlidirlər. Yəni, bütün bunlar cəmiyyətin saflaşmasına xidmət edir. Milli birliyin möhkəmlənməsi, dövlətə və hökumətə inamın formalaşması, eləcə də sosial ədalət prinsiplərinin qorunması baxımından bu tapşırıqlar ciddi əhəmiyyətə malikdir. Xalq öz rəhbərinin timsalında nümunəvi məmur obrazını görməlidir. İntriqalardan, cılız hərəkətlərdən, cinayət xarakterli məsələlərdən uzaq məmur obrazı dövlətin bütövlüyü, inkişafı və daha da güclənməsi üçün vacib şərtlərdəndir. Cənab Prezident ötən gün önəmli məsələləri ən xırdalıqlarına qədər izah etdi, tapşırıqlarını verdi. Xalq bir daha gördü ki, Prezident İlham Əliyev ölkədə baş verənlər barədə tam məlumatlıdır, prosesləri nəzərətində saxlayır və cəmiyyəti narahat edən məsələlər barədə ciddi tədbirlər görür. Təəssüflər olsun ki, təyinat alan məmurların hər zaman özünü doğrultmadığı, yaxşı işlərlə yadda qalmadıqları da faktdır. Ona görə də sağlam ictimai nəzarətin həyata keçirilməsi olduqca vacibdir. Hesab edirəm ki, Ölkə başçısı bütün vacib məsələləri yeni təyin olunmuş gənc kadrların diqqətinə çatdırdı. Hətta qeyd edildi ki, məmur ictimai işlərdə kifayət qədər aktiv olub, dövlətə xidmət göstərsə də, hansısa cinayət törətdiyi halda belə keçmiş xidmətləri onu xilas edə bilməz. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, cinayət xarakterli əməli olan məmurların keçmiş xidmətləri nəzərə alınmayacaq və onlar mütləq cəzalandırılacaqlar. Ona görə də təkcə yeni təyinat alanlar deyil, elə bütün məmurlar Prezidentin çıxışlarından dərs çıxarmalıdırlar. Başqa çıxış yolu yoxdur, cəmiyyətin təmizlənməsi prosesi davam etdirilməlidir".