Silahlı münaqişələr beynəlxalq münasibətlər sisteminin ən həssas sınaqlarından biridir. Lakin belə dövrlərdə belə hüquqi çərçivənin mövcudluğu və qorunması beynəlxalq nizamın əsas şərti kimi qəbul olunur. Xüsusilə Qızıl Xaç və Qızıl Aypara emblemi altında fəaliyyət göstərən humanitar obyektlərin toxunulmazlığı bu hüquqi sistemin ən mühüm təminatlarından biridir. Bu obyektlər hərbi və ya siyasi məqsəd daşımır, onların əsas missiyası insan həyatının qorunması və humanitar yardımın fasiləsiz təmin edilməsidir. Məhz bu səbəbdən 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası humanitar nişanlı təsisatların mühafizəsini beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit etmişdir.
Cenevrə Konvensiyalarına əsasən tibbi müəssisələr, səhra hospitalları, humanitar qərargahlar və Qızıl Xaç və Qızıl Aypara nişanı altında fəaliyyət göstərən obyektlər xüsusi mühafizə statusuna malikdir. Bu nişan beynəlxalq hüquq tərəfindən tanınan və qorunan mühafizə emblemi kimi qəbul edilir. Onun məqsədi silahlı münaqişə tərəflərinə aydın şəkildə bildirməkdir ki, həmin obyektlər hərbi hədəf deyil və yalnız humanitar fəaliyyət həyata keçirir. Bu sistem çərçivəsində fəaliyyət göstərən əsas qurumlardan biri Beynəlxalq Xızıl Xaç və Qızıl Aypara Hərəkatıdır ki, onun mandatı insan həyatının və ləyaqətinin qorunmasına xidmət edir.
Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir. Bu prinsipə görə münaqişə tərəfləri döyüşənlərlə mülki şəxslər arasında, hərbi obyektlərlə mülki obyektlər arasında aydın fərq qoymalıdır. Humanitar və tibbi obyektlər bu fərqləndirmənin ən həssas kateqoriyasına daxildir və onların qəsdən hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunur. Cenevrə Konvensiyalarında bu cür əməllər “ağır pozuntular” kimi təsnif edilir və müharibə cinayəti statusu daşıyır.
Belə bir hücumun hüquqi nəticələri həm fərdi, həm də dövlət məsuliyyəti baxımından qiymətləndirilir. Fərdi məsuliyyət prinsipi beynəlxalq cinayət hüququnun fundamental elementidir. Hücum əmri verən və ya onu həyata keçirən şəxslər beynəlxalq məhkəmə qarşısında cavab verə bilərlər. Bu baxımdan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası tətbiq oluna bilər və təqsirli bilinən şəxslər uzunmüddətli azadlıqdan məhrumetmə, hətta ömürlük həbs cəzası ilə üzləşə bilərlər. Beynəlxalq hüquq müharibə şəraitini məsuliyyətdən azad edən hal kimi qəbul etmir.
Dövlət məsuliyyəti də paralel şəkildə yaranır. Beynəlxalq hüquqa görə dövlət öz silahlı qüvvələrinin və ya onun nəzarəti altında fəaliyyət göstərən subyektlərin hərəkətlərinə görə cavabdehdir. Humanitar obyektə qəsdən hücum edildiyi sübut olunarsa, zərər çəkmiş tərəfə təzminat ödənilməsi, beynəlxalq sanksiyalar, diplomatik və siyasi təcrid kimi nəticələr meydana çıxa bilər. Bu məsuliyyət mexanizmləri beynəlxalq hüququn effektivliyini təmin etmək məqsədi daşıyır.
Bəzi hallarda “hərbi zərurət” arqumenti irəli sürülə bilər. Lakin Cenevrə hüququna görə humanitar obyekt yalnız real və sübut edilə bilən şəkildə hərbi məqsədlər üçün istifadə edildiyi halda mühafizə statusunu itirə bilər. Bu halda belə, hücumdan əvvəl xəbərdarlıq verilməsi və mütənasiblik prinsipinin qorunması tələb olunur. Əks təqdirdə, hərbi zərurət iddiası hüquqi məsuliyyəti aradan qaldırmır.
Nəticə etibarilə, Qızıl Xaç və Qızıl Aypara nişanı altında fəaliyyət göstərən obyektlərə hücum beynəlxalq humanitar hüququn açıq və birmənalı şəkildə qadağan etdiyi əməldir. Bu cür hərəkətlər təkcə bir dövlətə və ya quruma qarşı yönəlmiş addım deyil, beynəlxalq hüquq sisteminin əsaslarına zərbədir. Cenevrə Konvensiyalarının ruhu ondan ibarətdir ki, hətta müharibə şəraitində belə insanlıq prinsipi qorunmalıdır. Humanitar nişana atılan hər bir mərmi yalnız fiziki dağıntı yaratmır, həm də hüququn və bəşəriyyətin ortaq dəyərlərinə qarşı yönəlmiş təhlükəli presedent formalaşdırır.
Emil Seyidəliyev
Qeyri-hökumət təşkilatları üzrə ekspert