Ceyhun Bayramov küveytli deputatlarla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfatı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspektivlərin mövcudluğu məmnunluqla qeyd edib. Xüsusilə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

2024-cü ilin eyni zamanda Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən ik ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin müsbət rol oynadığı bildirilib.

Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Qarşı tərəf həmçinin postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.