Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə, beynəlxalq, regional təşkilatlarla münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Belə ki, Azərbaycan sadəcə öz sərhədləri daxilində islahatlar həyata keçirməklə kifayətlənmir, eyni zamanda beynəlxalq platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir, öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
Qeyd edək ki, Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən 15 iyun 2001-ci il tarixində yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması məqsədi daşıyan regional əməkdaşlıq təşkilatıdır. Sonradan Belarus, Hindistan, Pakistan və İran da təşkilata üzv olub, Monqolustan və Əfqanıstan müşahidəçi statusu alıb, Azərbaycan da daxil olmaqla 14 ölkə isə "dialoq tərəfdaşı" statusu ilə ŞƏT-lə əməkdaşlıq edir.
2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, separatizm ilə mübarizə, regional təhlükəsizliyin, sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Azərbaycan Prezidentinin ŞƏT Sammitlərinə artıq ənənəvi olaraq dəvət alması və iştirakı qlobal arenada qətiyyətli, uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevə olan dərin hörmətin təzahürüdür.
30 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə “ŞƏT plyus” formatında Zirvə toplantısında, habelə Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə, hərbi paradda iştirak etmək üçün Çinin Tiencin şəhərinə işgüzar səfəri həm davamlı olaraq inkişafda olan Azərbaycan-Çin münasibətləri, həm də ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarına yenidən baxılması üçün mühüm əhəmiyyət kəsb etdi.
Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə başçıları arasında məhsuldar görüş keçirildi, eyni zamanda Çinin qabaqcıl şirkətlərinin rəhbərləri ilə nəqliyyat, kommunikasiya, rəqəmsallaşma, energetika sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi.
Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır. Xüsusilə, 08 avqust 2025-ci il tarixində Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanmış Vaşinqton bəyannaməsi Cənubi Qafqazda yeni reallıqlar ortaya qoymaqla, Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində rolunu gücləndirir, Çin və digər üzv dövlətlərin bu əməkdaşlığa marağını artırır.
Prezident İlham Əliyevin Sammitdə iştirakı, ölkəmizin qlobal arenada artan nüfuzunun və çoxtərəfli diplomatiya siyasətinin uğurlu nəticəsidir. Hazırda dünyamızın siyasi arxitekturasının yenidən formalaşdığı bir zamanda Azərbaycan neytral, əməkdaşlığa açıq siyasəti ilə bir çox regional təşkilatlarda fəallığını artırır. ŞƏT ilə əməkdaşlıq da bu siyasətin tərkib hissəsidir və Azərbaycanın Asiya–Avropa nəqliyyat, enerji, ticarət əlaqələrinin əsas qovşağına çevrilməsi məqsədinə xidmət edir.
Səfərin əhəmiyyətini artıran digər bir mühüm məqam isə onun Cənubi Qafqazda yeni sülh perspektivlərinin yarandığı bir dövrə təsadüf etməsidir. Belə ki, Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşmasının əldə edilməsi fonunda Prezident İlham Əliyevin beynəlxalq səviyyədə fəal diplomatik addımları, Azərbaycanın regionda sabitlik və əməkdaşlığa sadiqliyini nümayiş etdirir. ŞƏT-in təhlükəsizlik, eləcə də regional əməkdaşlıq gündəmini nəzərə alaraq, Azərbaycanın Sammitdə iştirakı ölkəmizin bir daha regionda sülh və davamlı inkişafın təşəbbüskarı kimi çıxış etdiyini göstərir.
Burada bir digər məqam isə bu səfərdən öncə Azərbaycan Prezidentinin 22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmanbaşı şəhərində Azərbaycan, Türkmənistan, Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksəksəviyyəli görüşdə iştirak etməsi və nəqliyyat-logistika sahələrini əhatə edən hökumətlərarası sənədlərin imzalanmasıdır. Bu, Azərbaycanın nəinki Türk Dövlətləri Təşkilatına üzv nümunəvi dövlət olaraq apardığı ardıcıl, çoxvektorlu xarici siyasətinin təzahürüdür, eyni zamanda ŞƏT çərçivəsində həyata keçirilən fəaliyyatdə məntiqi nəticəyə hesablanan addım idi.
Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətinin növbəti uğurlu addımıdır. Bu səfər ölkəmizin qlobal təşkilatlarla münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi-siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir, eyni zamanda gələcəkdə Azərbaycanın ŞƏT-də daha fəal rol oynaması, həm ikitərəfli, eləcə də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi baxımından yeni imkanlar yarada bilər.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı