Daha böyük qələbələr naminə Müzəffər Liderimizə səs verək!

Emin Hacıyev

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü daxili və xarici siyasətdə böyük uğurlar, beynəlxalq arenada nüfuzumuzun əhəmiyyətli dərəcədə artması, ən əsası isə Şanlı Qələbəmiz və suverenliyimizin bərpa edilməsi ilə tariximizin ən parlaq səhifələrinə həkk olundu.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq uğurlu xarici siyasət yürüdən dövlət başçımızın müdrik diplomatiyası nəticəsində Azərbaycan bu gün beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaşı kimi tanınır. Milli maraqlara və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparılması nəticəsində ölkəmiz beynəlxalq səviyyədə böyük hörmət və etimad qazanmışdır. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə dəvət edilməsi və bu tədbirlərin bir qisminin ölkəmizdə keçirilməsi ölkəmizin regional gücünün və nüfuzunun təzahürü kimi qiymətləndirilir. BMT sistemində iki ən böyük tədbirin: BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə və Dünya Urban Forumunun 2026-cı ildə Bakıda keçiriləcək olması məhz uğurlu xarici siyasətimizin nəticəsidir.

Ölkəmizin son 20 illik tarixində əldə etdiyi ən böyük uğur, əlbəttə ki, işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. 2023-cü il sentyabrın 19-20-də cəmi bir neçə saat ərzində yüksək peşəkarlıqla həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi və separatçılığa son qoyuldu. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövlətinin yaratmaq siyasətinin puça çıxardılması məhz cənab Prezidentin qətiyyətinin, möhkəm iradəsinin və titanik əməyinin nəticəsi idi.

Torpaqlarımızın azad edilməsindən sonra bu ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qaytarılması dövlət siyasətimizin prioritetlərindən birinə çevrilmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işləri aparılır və müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilir. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən məktəb inşa edilərək istifadəyə verilmiş, Qazaxıstan Respublikası tərəfindən inşa edilən uşaq musiqi məktəbinin tikintisi isə yekunlaşmaq üzrədir. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır. 2022-ci ilin 19 iyul tarixindən bugünədək 2 şəhərə və 3 kəndə ümumilikdə 1134 ailə olmaqla 4516 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub. Cənab Prezidentin təşəbbüsü və diqqəti nəticəsində 30 ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş köçkünlərimiz ən son texnoloji yeniliklərə uyğun bərpa və təmir olunmuş mənzillərinə, evlərinə, torpaqlarına - doğma yurdlarına geri qayıdırlar. Bu gün Qarabağ uzun illərlə davam edən işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti və bərpa-quruculuq işləri nəticəsində Qarabağ tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Bildiyimiz kimi hər bir ölkənin iqtisadiyyatı onun müstəqilliyinin əsasını təşkil edir. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı olaraq artırmağa nail olub. Əminliklə deyə bilərik ki, Azərbaycanın son 20 ildə iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 318,9 milyard ABŞ dolları təşkil etmiş, xarici ticarət dövriyyəsi 5,2 milyard ABŞ dollarından 51,2 milyard ABŞ dollarına yüksəlmişdir. Orta aylıq əmək haqqının nominal məbləği 12 dəfə artaraq  76,8 manatdan 923 manata çatmış, yoxsulluq səviyyəsi 44,7%-dən 5,2%-ə enmişdir. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirmişdir. Ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilmişdir. İqtisadiyyatın əhəmiyyətli dərəcədə güclənməsi insanların rifah halının yaxşılaşdırılmasına hədəflənən siyasət aparmasına imkan yaratmışdır.  İqtisadi aktivliyin artmasının nəticəsində respublikada işsizlik və yoxsulluq 5 faizədək aşağı salınmışdır ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.

Cənab Prezident yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibə verərək tarixi fikirlər səsləndirmişdir. Müsahibədə dövlət başçımız ilkin olaraq son 20 il ərzində dövlətimizin keçdiyi yol və görülən işlər barədə danışdı. Müstəqillik tariximizin ən önəmli məqamlarından olan 1993 və 2003-cü illərdə xalqımız doğru seçim edərək öz müqəddəratını təyin etdi. 1993-cü ildən başlayaraq ölkəmiz inkişaf yoluna qədəm qoydu və sabitlik təmin edildi.

Ötən ilin sentyabrın ayının 20-dən sonra isə ölkəmizin tarixində yeni bir dövr başlandı. Xankəndi şəhərində bayrağımızın ucaldılması ilə ədalət tam bərpa olundu. Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər isə bu gün həbs olunub və Azərbaycan Respublikasının məhkəmələrində ədalət qarşısında cavab verəcəklər. Cənab Prezidentin də bildirdiyi kimi şəhidlərin və Xocalı qurbanlarının qanı yerdə qalmadı.

Dövlət başçımız fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərinin təyin olunmasını şərtləndirən amillərdən söz açdı. Burada əsas səbəb bir sıra məqalələrimizdə də bildirdiyimiz kimi yeni dövrün başlaması olub. Dövlətimizin tərəqqisi, beynəlxalq arenada uğurları və ən önəmlisi Şanlı Zəfərimiz ilə tariximizə həkk olan bu dövr məhz cənab Prezidentin uğurlu siyasətinin nəticəsi idi.

Son 20 ildə görülən işlər, qazanılan nailiyyətlər cənab İlham Əliyevin siyasətinə alternativ olmadığını bir daha sübut etdi. Əminəm ki, fevralın 7-də qalib xalqımız ölkəmizin rifahı naminə öz Qalib Liderinə səs verəcəkdir.