"Daşınmaz əmlaklarla bağlı yeni qanun layihəsi hazırlanmalıdır" - Deputat

"Daşınmaz əmlaklarla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru üçün yeni qanun layihəsi hazırlanmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllə və və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və eyni zamanda ictimai ehtiyaclar üçün əldə edilməsi, o cümlədən belə qərarları qəbul etmək səlahiyyətinə malik olan orqanların kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forma və meyarlarını kompleks şəkildə müəyyən edən yeni qanun layihəsinin hazırlanması ölkəmiz üçün çox faydalı olar.

"Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2020-ci il 22 may tarixli qərarında göstərilən məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə müvafiq tövsiyələr verilib. Beynəlxalq təcrübənin təhlili də onu göstərir ki, əksər ölkələrdə mülkiyyətdə olan əmlakların dövlət, habelə ictimai ehtiyaclar üçün alınması qaydaları müvafiq normativ-hüquqi sənədlərlə nizamlanır".