Azərbaycanın son 22 ildə siyasi, iqtisadi, sosial və hərbi həyatında köklü və fundamental dəyişikliklərə imza atması yürüdülən uğurlu siyasətin bariz nümunəsidir. Tarixin güclü dövlətçilik dövrünü yaşayan Azərbaycanda dayanıqlı inkişaf, milli maraqlara əsaslanan xarici siyasət və ərazi bütövlüyünün tam bərpası əldə olunan ciddi nəaliyyətlər sırasındadır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi sabitlik olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Bu prinsip rəhbər tutularaq Azərbaycan regionda sabitlik adasına çevrilmişdir. Bununla yanaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial siyasət daim diqqət mərkəzindədir. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə maaşlar, pensiyalar və sosial müavinətlər dəfələrlə artırılıb. Minlərlə şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilmiş, sosial ədalət prinsipi dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilib.
Təhsil və səhiyyə sahəsində aparılan islahatlar insan kapitalının inkişafına xidmət edir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilmiş, gənclərin bilik və bacarıqlarının artırılması üçün geniş imkanlar yaradılıb.
Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərin real nəticələrlə müşayiət olunması dövlətin gücünü və davamlılığını təmin edən başlıca amildir.
Həyata keçirilən praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və proqnozlaşdırılan tərəfdaş imici qazanmasını təmin edib. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional əməkdaşlıq sahəsində həyata keçirilən təşəbbüslər ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq regional inteqrasiyanın güclənməsinə xidmət edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biri kimi islam həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfələr verir.
“Biz birlikdə güclüyük!” çağırışının məntiqi nəticəsi olaraq bu gün hər bir vətəndaşımız dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşib. Bu isə xalq-iqtidar birliyinin vəhdətini təşkil edir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı