Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, qanunsuz silahlılar torpaqlarımızdan çıxarılmalıdır, Qarabağda Azərbaycanın suveren hüquqları tam bərpa edilməlidir. Danışıqlardan anlamayan, sülh prosesini pozan separatçı ünsürlər Azərbaycan üçün başqa yol qoymadılar. Son olaraq bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olması Azərbaycanın səbrini daşırdı və antiterror tədbirlərinə start verildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlərdə əsas məqsəd hərbi hədəflərin vurulması olub. Bu tədbirlərdə heç bir mülki şəxs hədəf olmadı, yaşayış məntəqələrinə ziyan dəymədi. Prezident İlham Əliyev xalqa müraciəti zamanı bu məsələ barədə fikirlərini bölüşdü. Qarşıya qoyulan məqsəd terrorçuları və onları hərbi məntəqələrini məhv etmək, qondarma rejimi ağ bayraq qaldırmasına məcbur etmək idi. Xoşluqla edilən təkliflərə barmaqarası baxan qondarma rejimin nümayəndələri TIR şouları, “seçki” oyunları ilə dünya ictimaiyyətini çaşdırmaq kimi planlarını həyata keçirə bilmədilər. Bu ona görə alınmadı ki, Azərbaycanın səngərdə qazandığı Qələbə siyasi masada da davam edir. Artıq ermənilərin havadarları belə onlara dəstək, kömək edə bilmir.

Deputat qeyd edib ki, xalq-iqtidar birliyi Qələbənin təməl daşıdır Azərbaycan istər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirləri zamanı yeni hərbi metod ortaya qoymaqla yanaşı, sülh sazişinin imzalanması prosesini sürətləndirdi. Bir müddətə qədər bu yöndə istər Moskvanın, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə götürdüyü öhdəliklərə əməl etməyən Paşinyan hakimiyyəti artıq dalana dirənib. Bu yolun isə sonu yoxdur. Artıq İrəvanda keçirilən etiraz aksiyaları da bunu deməyə əsas verir ki, Paşinyan ölkə daxilində yaranan gərginliyi yatırmaq üçün müəyyən addımlar atmalıdır. Bu addımlar isə sülhdən keçir. Heç kim müharibə istəmir. Əksinə, region üçün yeni reallıqların formalaşdığı bu dönəmdə məqsəd yaranan imkanlardan səmərəli istifadədir ki, bu imkanlar ən çox Ermənistanın özünə lazımdır.

İ.Yusifov onu da deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın irəli sürdüyü təkliflər ciddi və praqmatik olaraq regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib. Bu isə beynəlxalq hüququn normalarına tam cavab verir.