Deputat ən qocaman seçicisini təbrik etdi

01 iyul 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Tofiqi kənd sakini Mustafayev Ağabala Mustafa oğlunu ziyarət edərək 90 illik yubileyi münasibətilə təbrik edib.

Görüş zamanı millət vəkili Mustafayev Ağabala Mustafa oğluna doğum günü münasibətilə uzun ömür və can sağlığı arzulayıb. O, bildirib ki, yaşlı nəslin nümayəndələrinə hörmət va ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Həmçinin deputat yaşlı, ahıl insanlara qayğı və diqqət göstərilməsinin dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb: “Son illər Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsinin təmin olunmasına yönəlib. Eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb.”

Sonra Mustafayev Ağabala Mustafa oğlu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda millət vəkilinə öz minnətdarlığını bildirib.

Görüş xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Daha sonra M.Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Eyazov Əli Sehran oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü hüznlə anıb.

Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin əziz xatirəsi yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Əlinin 22 yaşı tamam olacaqdı. Şəhid Eyvazov Əli Sehran oğlu 30 iyun 2001-ci il tarixində Göyçay rayon, Şəkər kəndində anadan olmuşdur.

2019-cu ildə məktəbi bitirdikdən sonra həmin il iyulun ayının 3-də həqiqi hərbi xidmətə yollanıb. Beyləqan rayonunda xidmətdə olarkən 2020-ci ilin sentyabr ayının 27-dən İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində yaxından iştirak etmiş və Füzulinin azad olunması istiqamətində minamyot komandiri olaraq qəhrəmancasına vuruşmuş, oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Eyvazov Əli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.