Deputat: “Erməni lobbisinin rüşvətlə işlətdiyi senator və konqresmenlərin hamısı ifşa olunacaq”

“Qarabağda erməni separatizminin süqutu ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, ermənipərəst senator Robert Menendesin istefası ilə üst-üstə düşdü. Menendes Amerika Senatında Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi ilə tanınır, çoxsaylı layihə və aksiyaların təşəbbüskarıdır, erməni lobbisinin ən fəal nümayəndələrindən biridir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, Menendesin rüşvət üstündə, qalmaqalla tutduğu vəzifəsini tərk etməsi simvolik xarakter daşıyır:

“Menendes ABŞ qanunverici orqanında erməni lobbisinin maraq və sifarişlərinə xidmət edən ən fəal senatorlardandır. Belə demək mümkündürsə, “ağır artilleriya” təmsilçilərindəndir. Rüşvət üstündə komitə rəhbərliyini tərk etməsi həm də ona işarədir ki, erməni lobbisi Azərbaycana və Türkiyəyə qarşı həyata keçirdiyi bütün aksiyaları pul hesabına edir. Menendes kimi digər ermənipərəst senator və konqresmenlər də erməni lobbisindən aldığı küllü miqdarda rüşvət hesabına bizim ünvanımıza palçıq atırlar”.

E.Allahverdiyevin sözlərinə görə, Menendes ermənilərlə tək lobbi deyil, arvadı vasitəsi ilə də bağlıdır.

“Onun yaşca özündən xeyli kiçik olan həyat yoldaşı Nadin Arslanyanın da təsiri ilə bütün ermənipərəst tədbirlərin əsas fiqurlarından biri olduğu məlumdur. Menendes erməni arvadının təsiri altındadır. O, Robert Menendesdən daha çox, Bob Arslanyandır”, - deyə deputat söyləyib.

O qeyd edib ki, R.Menendesin vəzifəsindən istefa verməsi ona qarşı qaldırılmış rüşvət iddiasının məntiqi nəticəsi oldu. Burada da həyat yoldaşının adı hallanır:

“Bu qalmaqallı iş xeyli müddətdir davam edir. Nyu-Yorkun cənub dairəsinin prokurorluğunun iddiasına görə, Menendeslə arvadı Arslanyan böyük miqdarda rüşvət əməliyyatına bulaşıblar. Bir məqam diqqətdən qaçmamalıdır və mediamız tərəfindən geniş işıqlandırılmalıdır. Menendes arvadı vasitəsilə aldığı 400 min dollar müqabilində Misirə məxfi məlumatların ötürülməsində günahlandırılır. Yəni söhbət faktiki olaraq ABŞ-nin milli maraqlarına xələl gətirən fəaliyyətdən, casusluqdan gedir. Prosesin Menendesin komitə sədrliyini tərk etməsi ilə bitəcəyini düşünmək sadəlöhvlük olardı”.

E.Allahverdiyev əmindir ki, Menendeslə bağlı qalmaqal fonunda erməni lobbisinin pul müqabilində işlətdiyi hər bir amerikalı parlamentari ilə yanaşı, onların Avropadakı həmkarları da ifşa olunacaqlar:

“Avropada zaman-zaman belə qalmaqallar üzə çıxır. Xüsusilə Avropa Parlamentinin deputatları arasında erməni maraqlarına xidmət edən və müxtəlif ölkələrdən olan xeyli sayda şəxs var. Onların pul alıb Azərbaycana qarşı işlədikləri kimi, rüşvətlə başqa işlər gördükləri də aydındır. Nə vaxtsa bütün bunların üstü açılacaq. Erməni lobbisi bilməlidir ki, nə qədər pul xərcləsə də, heç nə edə bilməyəcək. Rüşvətlə işlətdikləri bütün deputatlar, senator və konqresmenlərin hamısı ifşa olunacaq”.