Deputat qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirdi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 08 sentyabr tarixində ərazi üzrə 2023-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərən gənc məzunlarla video formatda görüş keçirdi.

Göyçay və Ağdaş təhsil sektorlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə Millət vəkili gənclərlə innovasiyanın, rəqəmsallaşmanın təhsildə yaratdığı yeni imkanlarla bağlı geniş müzakirə apararaq onlara öz məsləhət və tövsiyələrini verdi.

M.Əfəndiyev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü, ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını xüsusi vurğuladı.

Sonra deputat ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal topladıqlarına görə məzunları səmimi qəlbdən təbrik edərək onlara xoş arzularını çatdırdı və gələcək işlərində müvəffəqiyyətlər arzuladı

Görüşdə eyni zamanda 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan Vətən Müharibəsi və doğma Qarabağımızın tezliklə bərpası haqda da söhbət aparılmış, şəhidlərimizin ruhu ehtiramla yad edilmişdir.

Daha sonra Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, gənclər üçün yaradılmış müxtəlif imkanlar və platformalar, əldə edilmiş uğurlar və gənclərin beynəlxalq təmsilçiliyi haqqında fikir mübadiləsi aparıldı, eləcə də Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və əhəmiyyətinə dair iştirakçılara məlumat verildi.

Sonda gənclər millət vəkilinə gələcək planları, baxışları ilə bağlı məlumat verərək görüşə görə öz dərin minnətdarlıqlarını bildirdilər.