Deputat Qlobal Bakı Forumundan yazdı

Qlobal Bakı Forumu təmsilçilik səviyyəsinə və iştirakçılarının intellektual potensialına görə dünyanın aparıcı beynəlxalq konfranslarından biri olmaqla yanaşı, həm də bəşəriyyəti narahat edən ən müxtəlif problemlərin müzakirə olunduğu çoxşaxəli, unikal bir platformadır.

Builki forumun işinə 60 ölkədən 350 nəfər iştirakçının qatılması, onların arasında 50-də artıq indiki və sabiq prezidentlərin, baş nazirlərin yer alması Azərbaycana və ölkəmizin ev sahibliyi ilə artıq onuncu dəfə gerçəkləşən qlobal toplantıya olan yüksək etimadın və dəyərin göstəricisi kimi dəyərləndirilməlidir.

Şübhəsiz ki, ölkəmizə olan yüksək etimad Prezident İlham Əliyevin Azərbaycan dövlətinin başçısı və Qoşulmama Hərəkatının sədri kimi yürütdüyü siyasətdən, irəli sürdüyü və gerçəkləşməsində aparıcı mövqedə dayandığı qlobal təşəbbüslərdən qaynaqlanır. Bu gün, cənab Prezidentin qeyd etdiyi kimi, bəşəriyyət soyuq müharibənin bitməsindən sonra ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir. Geosiyasi maraqların və iddiaların ədalət və humanizm prinsiplərinə meydan oxuduğu bu zaman kəsiyində xalqların və dövlətlərin təhlükəsizliklərini, milli identiklliklərini,bütövlükdə sivil, beynəlxalq hüquqa söykənən münasibətlər sistemini qoruyub-saxlamağın yeganə yolu sülh və əməkdaşlıqdan, dövlətlərin ərazi bütövlüklərinə, suverenliyinə hörmətdən, sərhədlərin toxunulmazlığından keçir.

Coğrafi baxımdan Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan bu missiyanı həm də mədəniyyətlərarası dialoq formatında davam etdirir, qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən və bunu xarici siyasətinin ana xəttinə çevirən bir dövlət kimi qlobal təhlükəsizliyə tarixi töhfələr verir.

Azərbaycan öz ərazilərində yaşayan erməni azlığına münasibətdə də eyni yanaşmanı sərgiləyir və xalqımıza xas olan yüksək tolerantlıq prinsiplərindən çıxış edir.

Azərbaycanın baxış bucağı bütövdür. Dövlətimiz həm daxili, həm də xarici siyasətində humanizm dəyərlərini, birgəyaşayış prinsiplərini, mədəni müxtəlifliyin qorunmasını təşviq edir. Prezident İlham Əliyevin öz nitqində qeyd etdiyi kimi, "Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Ölkəmizdəki real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir."

Bütün bunlar, təkcə Azərbaycan dövlətinin təşviq etdiyi, qoruduğu dəyərlər deyil, həm də Azərbaycan xalqının düşüncə tərzidir. Tolerantlıq xalqımızın fitrətindədir və məhz bu səbəbdən də ətrafımızda cərəyan edən neqativ hadisələr, qarşılaşdığımız haqsızlıqlar düşüncəmizi dəyişə bilmir.

Tolerantlıq Azərbaycanlı olmanın sinonimidir.

Azər Kərimli 
Milli Məclisin deputatı