Deputat: “Torpaqların işğaldan azad edilməsindən sonra imzalanan sənəd Azərbaycanın növbəti uğurudur”

“Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi barədə imzalanan Anlaşma Memorandumunun imzalanması Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra Xəzərdə və regionda nüfuzunun artmasına, neft hasilatının stabilləşdirilməsi yönümündə ən uğurlu addımıdır. Azərbaycanla Türkmənistan arasında bu sənəd imzalanan sənəd böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, enerji sahəsində regional əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı, həm də bir dostluq layihəsi hesab etmək olar”.

 Bunu “Ölkə.Az”a açıqlamasında  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

Millət vəkilinin sözlərinə görə, əvvəllər Azərbaycan tərəfində “Kəpəz”, Türkmənistan tərəfdə “Sərdar” adlandırılan yatağın “Dostluğ”a çevrilməsi Azərbaycanla Türkmənistan arasında bundan sonrakı enerji sahəsində əməkdaşlığın bariz nümunəsi və regional əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyması kimi dəyərləndirilməlidir. “Artıq 5 ilə yaxındır ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində enerji layihələrinin enerji əməkdaşlığına dair görüşlər keçirilirdi. Məhz bu görüşlər üç dost və qardaş ölkənin birgə enerji layihələrinin əməkdaşlığı və bunun perspektivləri çərçivəsində müzakirələr aparılırdı. Nəzərə alsaq ki, Xəzərin o tayından ən böyük neft həcmləri bu gün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə terminalına, o cümlədən Azərbaycan üzərindən Türkmənistanın neft məhsulları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı vasitəsilə dünya bazarına çıxarılır, artıq ilk dəfə olaraq iki türk dövləti bir-biri ilə məhz neft və qaz hasilatı ilə bağlı razılığa gəlirlər. İndiyədək Azərbaycanın Xəzər dənizində heç bir ölkə ilə birgə hasilat layihəsi olmayıb.

“Dostluq” layihəsi həm də Azərbaycanın neft hasilatının stabilləşməsinə öz töhfəsini verəcək. Nəzərə alsaq ki, bu yataq “Qarabağ” yatağının yaxınlığında yerləşir, bu yataqda həmçinin qaz ehtiyatları da mövcuddur. Bu yataq özünün geoloji quruluşuna görə “Qarabağ” yatağına oxşar yataqdır. Ancaq bu yatağın ehtiyatları ondan böyükdür. Bu eyni zamanda iqtisadi-siyasi sahədə əməkdaşlığı yeni formata çevrəcək. Digər tərəfdən, bu, Azərbaycanın Xəzər hövzəsində neft-qaz hasilatçısı ölkəsi kimi nüfuzunun artmasına dəstək olacaq ki, məhz əməkdaşlıq yolu ilə o bütün ölkələrlə öz töhfəsini verəcək. Bu yatağın Azərbaycanın infrastrukturu və imkanları ilə bazara çıxarılması və kapitala çevrilməsi ilk olaraq hər iki ölkəyə əlavə gəlir gətirməsi, ölkə iqtisadiyyatının davamlı inkişafının təminatçısı deməkdir”- deputat qeyd edib.

Deputat hesab edir ki, Türkmənistanla enerji sahəsindəki əməkdaşlıq gələcəkdə “Dostluq” yatağından çıxarılan təbii qaz Cənubi Qaz Dəhlizi boru kəmərindən Avropa bazarlarına ötürülməsi imkanı yarada bilər.

Deputat hesab edir ki,  “Dostluq” yatağının birgə işlənməsi eyni zamanda Xəzər dənizinin dostluq, sülh və əməkdalıq dənizi olduğunun göstərcisidir: “Bu eyni zamanda regional təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyinə, regional əməkdaşlığa əlavə töhfə verəcək. Adı çəkilən layihənin işlənməsi Azərbaycanın növbəti dəfə bölgədə regional əməkdalıqda öz dominant rolunu  qoruyub saxlamasına, beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmlənməsinə öz töhfəsini vermiş olacaq. Bu layihə həmçinin enerji sahəsindən başqa sahələrin, xüsusən də logistik-nəqliyyat,  tranzit yükdaşımanın inkişaf etməsinə öz müsbət təsirlərini göstərəcək. Türkiyə-Azərbaycan-Türkmənistan, Azərbaycan-Türkmənistan-Əfqanıstan üçtərəfli formatda əməkdaşlığının daha da sıx formada əməkdaşlığına gətirib çıxaracaq. Birgə əməkdaşlıq gələcəkdə təkcə iki ölkə arasında deyil, ümumiyyətlə Xəzərin şərqindəki ölkələrlə sıx əməkdaşlığın təməlini qoymuş olacaq”.