Milli Məclisin deputatı Müşfiq Məmmədli Siyəzən rayonunun Böyük Həmyə kəndinin ərazisində yerləşən Göyçə yaşayış massivində yağışdan zərər çəkmiş vətəndaşlarla görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Mövsüm normalarından artıq düşən yağıntıdan yaranan daşqından sonra selin zərər vurduğu kənd sakinlərinin evlərinə baxış keçirdik, onların fikirlərini dinlədik. Xüsusən, son günlərdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə orqanlarının Siyəzən könüllülərinin iştirakı ilə həm əhalinin zərərçəkməməsi üçün, həm də seldən sonra dəymiş ziyanın aradan qaldırılmasından ötrü çox böyük işlərin görüldüyünün şahidi olduq.
Polis əməkdaşları əhalinin, boşalmış evlərinin qorunması və insan itkisinin olmaması üçün böyük fədakarlıq göstərmişlər. Onların hər birinə dərin təşəkkürümüzü bildiririk və əhaliyə dəymiş zərərin ödənilməsi, normal həyat fəaliyyətinin bərpası üçün bütün istiqamətlərdə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına sorğularımızı göndərəcək və əhalinin ehtiyaclarının təmin olunması üçün müraciət edəcəyimizi bildirdik".