Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi kifayət qədər peşəkar hazırlanıb və müsbət münasibətimi ifadə edəcəyəm.
Hörmətli həmkarlar, məlumdur ki, Azərbaycanda bələdiyyə fəaliyyəti ilə bağlı həm maliyyə, həm də struktur xarakterli problemlər mövcuddur. Xüsusən bələdiyyələrin əsas gəlir mənbəyi olan əmlak və torpaq vergilərinin toplanmasında ciddi çətinliklər var.
Eyni zamanda bir çox bələdiyyənin dəqiq mülkiyyət və ərazi xəritələrinin olmaması vergi yığımını və mülkiyyətin idarə olunmasını çətinləşdirməklə bərabər, həm də bir sıra hallarda müəyyən sosial problemlərə yol açır.
Düzdür, bir çox bələdiyyələrə dotasiya institutu tətbiq edilir, lakin bir çox hallarda dotasiyalar ödənilən kimi ilk növbədə sosial ödənişlərə görə tutulmalara yönəldilir.
Bu mənada, bələdiyyələrin sosial ödənişlərlə bağlı borcları ilə əlaqədar amnistiya məsələsinə baxılması məsələsi məqsədəmüvafiq olar və bu addım yeni formalaşmış bələdiyyələr üçün yeni bir başlanğıc da sayılar.
Digər tərəfdən, müəyyən infrastrukturlar var ki, onların bələdiyyələrə verilməsi və bələdiyyələrdən alınması istiqamətində müdaxilələrə ehtiyac var. Bu gün bələdiyyələrə yalnız idarə edə biləcəyi, maddi potensialı çata biləcəyi infrastruktur etibar edilməlidir. Məsələn hər hansı park gücsüz bir bələdiyyənin balansına verilsə, gec-tez o parkın enerji borcuna görə elektrikin kəsiləcəyi labüddür.
Eyni zamanda bələdiyyələrin nüfuzunun artırılması istiqamətində konseptual addımların atılması, müvafiq səmərəli təbliğatın aparılması yaxşı olar. Çünki, təəssüf ki, cəmiyyətdə bələdiyyəyə münasibət özlüyündə birmənalı deyil, məsələn bu gün, təəssüf ki, hər hansı media qurumu üçün hansısa bələdiyyənin nümunəvi fəaliyyəti yox, hansısa bələdiyyə sədrinin qanunsuz əməli daha maraqlıdır. Baxmayaraq ki bu gün ölkədə kifayət qədər nümunəvi fəaliyyət təcrübəsi ortaya qoyan bələdiyyələr var. Düzdür, aidiyyəti strukturlar, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, bələdiyyələrə metodiki yardımların göstərilməsi istiqamətində ciddi iş aparılır, amma, təəssüf ki, nə media, nə vətəndaş cəmiyyəti institutlarının nümunəvi bələdiyyələrin təcrübəsinin təşviqi istiqamətində sistemli fəaliyyətdə marağını hiss etmirik.
Amma bütövlükdə götürsək, məruzədən də göründüyü kimi, ötən dövr bələdiyyələrin fəaliyyəti və bu fəaliyyətə inzibati nəzarəti həyata keçirən orqan üçün uğurlu dövr olub. Xüsusən ədliyyə- hüquq sisteminin modernləşdirilməsi, ədliyyə sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatlar bələdiyyə fəaliyyətinə nəzarəti həyata keçirən qurumun fəaliyyətində də səmərəliliyi artırmaqdadır.
Məlumdur ki, iki gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısı süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət almasına dair zərurəti gündəmə gətirərək aidiyyəti tapşırıqlarını vermişdir. Möhtərəm Prezident haqlı olaraq hesab edir ki, “hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt, təbii ki, yardımçı ola bilər".
Məlumdur ki, islahatlar, xüsusən rəqəmsallaşma idarəetmənin bütün sahələrində tədricən geniş tətbiq olunmaqda, kifayət qədər uğurlu nəticələr də alınmaqdadır. Bu mənada, əminliklə deyə bilərik ki, süni intellekt həllinin tətbiqi bələdiyyə institutunun fəaliyyətində yeni dinamika, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı