Deputatdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün TƏKLİFLƏR

“Sosial ədalət prinsiplərinin bərqərar olması, ədalətli məhkəmə sistemi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiya - inkişaf etmiş ölkələrin ölçü meyarlarıdır. Məhz bu meyarlar hər hansı bir dövləti inkişaf etmiş ölkə hesab etməyə əsas verir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əminə Ağazadə son zamanlar keçmiş məmurların törətdiyi korrupsiya əməllərinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, sağlam cəmiyyət və uğurlu idarəetmə modelinin formalaşdırılması, ictimai vəsaitlərin idarəedilməsində effektivliyin təmin edilməsi, hökumətin fəaliyyətinin legitimliyinin qorunması kimi mühüm amillər ölkədə, cəmiyyətdə korrupsiya və rüşvət ilə kompleks mübarizəni zamanın tələbinə çevirib.

Hazırda korrupsiyaya qarşı mübarizə lokal deyil, qlobal xarakter daşımaqdadır.

Qloballaşan dünya təbii ki, müxtəlif cəmiyyətlərin daha sıx inteqrasiyasını tələb edir. Bu səbəbdən korrupsiya ilə mübarizənin dünya miqyasında effektivliyinin və ölkələrin bu istiqamətdə əməkdaşlığının dərinləşdirilməsinin təmin edilməsi məqsədi ilə 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası qəbul edilib.

Deputat xatırladıb ki, Azərbaycanda bu Konvensiya 30 sentyabr 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib.

“Bir sözlə, Azərbaycan korrupsiya ilə qlobal səviyyəli mübarizənin subyektlərindən birinə çevrilib.

Ötən ilin fevralında təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən mühüm vəzifələr müəyyənləşdirilib. Prezident İlham Əliyev əvvəllər olduğu kimi, indi də korrupsiyaya qarşı mübarizəni ən prioritet məsələ kimi dəyərləndirməkdə davam edir. Azərbaycanın korrupsiyadan azad olması və dünyanı bürümüş bu sosial bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxması mühüm bir vəzifə kimi qarşıda durur”, - deyə Ə.Ağazadə əlavə edib. 

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə istiqamətində təkmil qanunvericilik bazasının formalaşdırılması, cəza tədbirlərinin sərtləşdirilməsi – qanunvericilikdə ziddiyyətli məqamların aradan qaldırılması, tərəfsiz fəaliyyətin təmin edilməsi və qanunların əhatə dairəsinin genişləndirilməsi nəticəsində mübarizənin effektivliyi artırılır.

Komissiya üzvünün fikrincə, bu zaman sərt cəza üsullarının tətbiqi də geniş yayılmış metodlardan hesab edilməkdədir.

“Nəticədə korrupsiya və rüşvətə təşviq hesab edilən cəzasızlıq sindromu aradan qaldırılır.

Beynəlxalq təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə vətəndaşın dəstəyi, iştirakçılığı və ayıqlığı olmadan uğurlu nəticə vermir. Vətəndaş cəmiyyəti və biznes assosiayaları, media birlikləri və digər maraqlı tərəflərin iştirakçılığı korrupsiyanın mənfi təsirləri haqqında maarifləndirmədə və bu mövzuda müzakirələrin intensivləşməsində xüsusi rol oynayır. Bu tərəflər həmçinin hökumətin fəaliyyətinə nəzarəti həyata keçirməklə, məmurların gündəlik həyat tərzini izləyir, nəticələri ictimai müzakirəyə və aidiyyəti qurumların istintaqına təqdim edir və sonda mübarizənin effektivliyini artırır.

Heç də təsadüfi deyil ki, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən getdikcə daha yüksək dəyərləndirilir və Azərbaycanın reytinqi stabil olaraq artmaqdadır. Buna bariz nümunə kimi, GRECO-nun şərh etdiyim son hesabatını göstərmək olar”.

Ə.Ağazadə söyləyib ki, dünya praktikasında dövlət məmurlarına mənfi imic gətirən “məmurların xalqdan aralı düşməsi” kimi yarıtmaz hala qarşı da Azərbaycanda Prezidentin göstərişləri əsasında yüksək vəzifəli şəxslərin regionlarda vətəndaşlarla təşkil edilən, son vaxtlarda isə onlayn formada görüşləri də əhali tərəfindən razılıqla qarşılanır.

Bununla yanaşı, dövlət orqanlarında aşkarlığa əməl olunması, ictimai nəzarətin reallaşmağa başlaması, mühüm sənədlərin açıq müzakirəyə çıxarılması da diqqət çəkir.

Deputat korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi üçün təklif də verib.

Bildirib ki, hökumət-vətəndaş əməkdaşlığı təmin edilməlidir .

“Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar da ən az dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait yaratmalıdır”, - deyə o fikrini yekunlaşdırıb.