Deputatdan Rusiya hakimiyyətinə çağırış

Aydın Hüseynov: “Delyaqginin bəyanatları məsuliyyətsizlik olmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirməyə yönəlib””


Azərbaycanın dünya tərəfindən tanınan ərazisi olan Qarabağda həyata keçirdiyi qanuni addımlar, Xocalı rayonu ərazisindəki Fərruz yüksəkliyində hərbi postunu yerləşdirməsi Rusiyanın bir sıra televiziyaları və siyasətçiləri tərəfindən aqressivliklə qarşılanır. Son olaraq Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin bütün qırmızı xətləri də keçib. Delyagin son 1 sutka ərzində Rusiyanın bir neçə telekanal, saytlarında,“Rossiya1” və “Pervıy” federal kanallarında Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyimizə qarşı hədyanlar danışıb, açıq təxribatlara yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rus deputat Azərbaycanı RF üçün “təhlükə” adlandırıb və ölkəmizin cəzalandırılması üçün neft sənayesini nüvə silahları ilə (!) məhv etməyə çağırış edib. Bununla kifayətlənməyib, Telegram kanalında Azərbaycanın neft mədənlərinin nüvə silahı ilə məhv edilməsini təklif edərək, sorğu keçirməyə başlayıb.

Delyaginin bu bəyanatları Azərbaycan tərəfindən etirazla qarşılanıb. 

Azərbaycan Milli Məclisinin üzvü Aydın Hüseynov bildirib ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycana qarşı  bəyanatı Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına xidmət edir, bu bəyanat məsuliyyətsizlik olmaqla yanaşı, Rusiyanın da maraqlarına uyğun deyil, Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirməyə yönəlib: “Ermənistanın Delyagin kimilərinin də dəstəyi ilə Azərbaycan torpaqlarını işğalına 44 günlük müharibədə Azərbaycan dövləti və onun müzəffər ordusu son qoyub. Xocalı rayonu ərazisi Azərbaycan dövlətinin ərazisidir. Azərbaycanın ərazi bütövlüyünü Rusiya tanıyıb. Fevral ayında imzlanan sazişdə isə açıq-aydın göstərilir ki, Rusiya və Azərbaycan öz ərazilərində terrorizmə qarşı mübarizədə bir-birinə dəstək verir. Azərbaycanın Qarabağ bölgəsində hazırda silahlı erməni qruplaşmalarının olduğu bəllidir. Deməli, Rusiya imzaladığı müttəfiqlik sazişinin də tələbinə uyğun olaraq Azərbaycanın qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə aparıb həmin qruplaşmaları zərərsizləşdirməsinə qarşı çıxmamalı, hətta bu işdə Azərbaycanı müdafiə etməlidir. 

Azərbaycanın müharibədə qələbəsindən sonra indiyə qədər ermənilərlə yanaşı, onlara havadarlıq edən, erməni milyonçulardan qidalanan bəzi rusiyalı siyasilər vurnuxurlar. Bütün imkanlarını xeyli vaxtdır Rusiya-Azərbaycan münasibətlərini korlamağa cəmləşdiriblər. 

Vladimir Jirinovskinin yerini belə görünür ki, Delyagin tutmağa çalışır. Onun tamamilə cəfəng, Rusiya-Azərbaycan münasibətləri ilə ziddiyyət təşkil edən, fevral ayında Rusiya ilə Azərbaycan arasında imzalanmış məlum sazişin mahiyyətinə qarşı olan açıqlamalarına başqa ad vermək olmur”. 

Deputat hesab edir ki, Rusiya hakimiyyəti, rəsmi Kreml Delyaginin və iki ölkə arasında münasibətləri korlamağa çalışan onun kimi siyasi ranqlı şəxslərin cavabını verməlidir və Rusiya telekanallarında müşahidə olunan anti-Azərbaycan propoqndasının dayandırılması istiqamətində addımlar atmalıdır: “Çünki belələri Rusiya dövləti üçün çox həssas bir dövrdə Azərbaycan-Rusiya münasibətlərinə soyuqluq gətirə bilən zərərli mövqe nümayiş etdirirlər.

Ermənistanla Azərbaycanın arasında sülh sazişinin imzalanmasının vacibliyi barədə hər iki tərəfdən mesajlar verildiyi bir zamanda Delyagin kimilərinin meydana çıxması və bu cür açıqlamalar verməsini də təsadüf saymıram. Rusiyada bir sıra siyasi, hərbi dairələr nə Azərbaycanla Ermənistanın arasında sülh sazişi imzalanmasını, münasibətlərin normallaşmasını, nə də Rusiya ilə Azərbaycanın münasibətlərinin dostluq səviyyəsinə qalxmasını istəmirlər. Delyagin məhz həmin dairələrin təmsilçisi olduğunu ortaya qoyur. Ona görə də düşünürəm ki, Kreml, Duma rəhbərliyi bu məsələdə ortaya mövqe qoymalıdır və Azərbaycanla az öncə imzaladığı sazişə kölgə salan hərəkətlərin qarşısını almalıdır”.