Deputatdan Türkiyə Cümhuriyyətinin yaranışının 100-cü ildönümünə TƏBRİK

Bu gün qardaş Türkiyə Cümhuriyyətinin yaranışının 100-cü ildönümüdür.

Düz bir əsr öncə Qazi Mustafa Kamal Atatürkün liderliyi altında Türkiyə Cümhuriyyəti quruldu, Türkiyə dövlətinin siyasi quruluşu Respublika elan olundu. Osmanlının çöküşü zamanı onun yerində yeni bir Türk dövləti qurmaq heç də asan başa gəlmədi. Yeni Türk dövlətinin qurulması on minlərlə şəhidlərin qanı və canı bahasına başa gəldi.

Belə bir əlamətdar gündə Türkiyə Cümhuriyyətinin yaranmasında və onun möhkəmlənib inkaşı yolunda başda Qazzi Mustafa Atatürk olmaqla canından keçən bütün şəhidlərin ruhunu ehtiramla yad edirik.

Ötən yüz il Türkiyə üçün elə də asan olmadı. Bu ötən yüz ildə Türkiyə Respublikası çox çətin dövrlərdən keçib və inkişaf edərək güclü, qüdrətli, dünyada söz sahibi olan bir dövlətə çevrildi. Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarına sadiq qalan Türkiyə bu gün dünyanın söz sahibi olan ölkələrindən birinə çevrilib. Türkiyə hazırda dünyanın iqtisadi cəhətdən 20 iri dövləti sırasında yer almaqdadır. Bu səbəblərdən də qlobal aləmdə baş verən proseslərdə Türkiyə aktiv rol oynayıb söz sahibi olan ölkələrdən biri olduğundan bütün dünya ölkələri və liderləri Türkiyə ilə hesablaşır, onun mövqeyinə hörmətlə yanaşırlar.

Türkiyənin güclənməsi Türk dünyasının güclənməsi deməkdir. Yüzillik Türkiyə dövlətinə yeni imkanlar açır. Əminəm ki, bu gün dünyanın yenidən dizayn edilməsi ilə əlaqədar olaraq yaranmış qlobal mürəkkəb geosiyasi mübarizələrdən Türkiyə alınıaçıq və qalib çıxacaq. Bu proseslərdən qalib çıxan Türkiyə dünyada daha güclü və qüdrətli, söz sahibi olan dövlətlərdən birinə çevriləcək. İyirmibirinci yüz il tarixə Türk əsri kimi düşəcək.

Belə bir əlamətdar tarixi gün münasibəti ilə qardaş Türkiyə xalqının sevincinə qoşulur və yüzillik Cümhuriyyət gününü təbrik edirəm.

Türkiyə xalqına yeni-yeni uğurlar, yüksəlişlər, qələbələr, sülh və firəvanlıq arzu edirəm.

İltizam Yusifov
Milli Məclisin deputatı