Deputatlar AŞPA-nın iclaslarında iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az-a verilən məlumata görə, Milli Məclisin komitə sədri Səməd Seyidov, həmçinin AŞPA-nın Büro iclasına da qatılacaq.

İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər, qeyd və təkliflərini səsləndirəcəklər, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması” mövzusunda məruzə ilə çıxış edəcək.