DİN-dən Ağdaş sakininin iddialarına münasibət

Daxili İşlər Nazirliyinin (DİN) Ağdaş sakininin iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Ağdaş rayon sakini Bəsti Məmmədova oğlunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət işi barədə iddialar səsləndirib:

“Ağdaş rayonunun Maşad kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş İlham Məmmədovun üzərində narkotik vasitə saxlamasına dair polis şöbəsinə əməliyyat məlumatı daxil olub və keçirilmiş tədbirlər nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.

İlham Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib qaçmağa çalışıb, özünü ətrafdakı kolluq əraziyə atıb. Buna baxmayaraq onun bu cəhdinin qarşısı alınıb və saxlanılaraq şöbəyə gətirilib. Hüquqlarını müdafiə edən vəkilin də iştirakı ilə İlham Məmmədovun üzərində şəxsi axtarış aparılarkən 9,18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin bir neçə nəfər rayon sakininə narkotik vasitə satması da məlum olub və həmin şəxslər müəyyən edilərək izahatlarının alınması üçün istintaqa cəlb olunublar. Onlar ifadələrində narkotik vasitəni İlham Məmmədovdan pul qarşılığında aldıqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanılıb və rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha sonra Şəki Apelliyasiya Məhkəməsi tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Onun saxlanılan zaman yıxılaraq sağlamlığına yüngül zərər vuran xəsarətlər alması ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunaraq müvafiq rəy alınıb. İlham Məmmədova qarşı fiziki güc tətbiq olunması ilə bağlı iddialar təsdiqini tapmadığından Ağdaş Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanılması barədə qərar rədd edilib və həmin qərar rayon məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Ağdaş RPŞ-də İlham Məmmədov barəsində cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib, hazırda məhkəmə baxışındadır”.