“Prezident İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, ölkələrimiz arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha isbatlayır. İki qardaş ölkənin dövlət başçılarının təkbətək görüşündə Şuşa Bəyannaməsinin, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivlərinin, Zəngəzur dəhlizinin açılmasının, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin, eləcə də 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş məsələlərin, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyətinin, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsinin bütövlükdə iqtisadi-ticarət əlaqələrinin, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın müzakirə olunması bir daha sübut edib ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə, mühüm regional təhlükəsizlik faktoruna çevrilib, həmçinin dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinədək Türkiyə Azərbaycanın yanında olub: “Müharibənin ilk saatlarından Türkiyə bəyan etmişdi ki, Azərbaycan tək deyil və rəsmi Ankara onun yanındadır. Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bu gün bütün işlərdə də, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Məhz, Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir”.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında da münasibətlər yeni müstəviyə qədəm qoyub. Ötən il ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Memorandumu imzalanıb ki, bu da iki qardaş ölkənin iqtidar partiyaları arasındakı əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılması deməkdir.
Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığının, qardaşlığının önəmli amilə çevrildiyini vurğulayan Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir: “Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.