Dövlət Gömrük Komitəsinin əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Avropa İttifaqının (Aİ) Hüquq-mühafizə Təlimləri Agentliyi (CEPOL) tərəfindən Macarıstan Respublikasının Budapeşt şəhərində “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi" mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Təlimə Əməliyyat-İstintaq Baş İdarəsinin və Dövlət Gömrük Komitəsi Akademiyasının, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Şərq Tərəfdaşlığı ölkələrinin hüquq-mühafizə orqanlarının ümumilikdə 24 nümayəndəsi qatılıb.

Təlim narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində regional təhlükə vəziyyəti, yeni marşrutlar, istehsal laboratoriyaları, beynəlxalq mütəşəkkil cinayətkar qruplar və onlara qarşı mübarizədə səmərəli metodların tətbiqi imkanları, birgə istintaq qruplarının fəaliyyəti, məlumat mübadiləsinin sadələşdirilməsi, milli qanunvericilik bazalarının uyğunlaşdırılması haqqında iştirakçıları məlumatlandırmaq məqsədilə keçirilib.

Praktiki təcrübələr əsasında təşkil edilən təlimdə Belçika, Fransa, Macarıstan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları və CEPOL-un ekspertləri təqdimatlarla çıxış ediblər.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən son illərdə həyata keçirilən birgə tədbirlər və əldə edilən nəticələr haqqında ətraflı məlumat veriblər. 

Təlimi uğurla tamamlayan iştirakçılar sonda CEPOL-un sertifikatları ilə təltif olunublar.