Milli Məclisdə çıxışım
Bu gün mən burada bir fərmandan yox, minlərlə sahibkarın və vətəndaşın acı təcrübəsindən danışıram. 2023-cü ildə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalandı.
Məqsəd illərlə sənədsiz qalan qeyri-yaşayış obyektlərini rəsmiləşdirmək, sahibkarın əlini-qolunu açmaq, iqtisadiyyata nəfəs vermək idi.
Rəqəmlərə baxaq. Bu fərmanla bağlı 18 mindən çox müraciət edilib. Amma bu müraciətlərin nəticəsi nə olub? Cəmi təxminən 4–5 min obyekt sənədləşdirilib.
Bu nə deməkdir? Bu o deməkdir ki, hər 5 sahibkardan 4-ü hələ də nəticə ala bilməyib.
Hörmətli həmkarlar, bu artıq statistika deyil. Bu narazılıqdır, bu ümidsizlikdir. Sahibkar deyir ki, sənədləri verdim, aylarla cavab yoxdur. Bir idarə deyir başqa quruma get, o biri deyir yenidən müraciət et. Biri razılıq verir, digəri imza atmır. Bu, sahibkarlıq üçün şərait deyil, bu bürokratik labirintdir.
Bu gün sənədi olmayan obyekt nə deməkdir? Bu o deməkdir ki, sahibkar bankdan kredit ala bilmir, obyektini sata bilmir, girov qoya bilmir. İşini böyütmək istəsə də, riskə girə bilmir.
Nəticədə nə olur? İş yerləri açılmır. Pul dövriyyəyə girmir. Dövlət də, vətəndaş da uduzur.
Bir məsələ də var. Bu prosedur üçün son tarix qoyulub — 2026-cı il. Amma bu temp ilə gedilsə, minlərlə sahibkar vaxta çatmayacaq. Sonra nə olacaq? Yenə problem, yenə narazılıq.
Biz açıq deməliyik. Fərmanın niyyəti doğru idi, amma icrası zəifdir. Problem qanunda yox, mexanizmdədir.
Ona görə də buradan açıq çağırış edirəm. Prosedurlar sadələşdirilməlidir. Cavab müddətləri konkret olmalıdır. Sahibkar aylarla havada saxlanmamalıdır. Vaxt 2026-cı ildə bitir və indi siz görəsiniz ki, aidiyyatı qurumların qarşısında onilliklər əvvəl xarici pasport almaq üçün növbə gözləyən və növbələr satılan mənzərəni xatırladır.
Vaxt uzadılmalı, insanlara real imkan verilməlidir. Ona görə də portalda qeydiyyatdan keçmək zamanı uzadılsın. Bunu çox, çox, çox xahiş edirəm.
Araşdırma göstərir ki, Prezident fərmanında nəzərdə tutulan dövlət orqanlarının heç biri üzərinə düşən vəzifəni tam məsuliyyətlə yerinə yetirməyib.
Əgər biz bu məsələni indi həll etməsək, sabah bu problem daha böyük sosial narazılığa çevriləcək. Sahibkar sıxıntı çəkirsə, ölkə inkişaf etmir. Sahibkar qazanmırsa, dövlət də qazanmır.
Demək istədiyim budur. Çox sağ olun.
Razi Nurullayev
Milli Məclisin deputatı