Dövlət qurumlarında 695 təhlükəsizlik boşluqları aşkarlandı

2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlər dövlət qurumlarına göndərilmişdir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Bu barədə Sabainfo.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılmış, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.