"Dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktlar var" - Nazirdən qovulan diplomatlarla bağlı açıqlama

"Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib. Ancaq ondan iki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər".

Sabahinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, o, buna gedə bilərdi:

"Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirimizin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.