Azərbaycanda müasir dövlətçilik ənənələrinin formalaşması və institusional əsaslar üzərində möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə birbaşa bağlıdır. Ümummilli Liderin siyasi iradəsi sayəsində müstəqil və güclü dövlət ideyası hüquqi çərçivəyə salınmış, idarəetmənin effektiv mexanizmləri ilə təmin edilmişdir. Demokratik idarəetmə prinsiplərinin sistemli şəkildə tətbiqi, qanunun aliliyi və insan hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. O baxımdan 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ali hüquqi sənəd olaraq milli dövlətçilik konsepsiyasının və xalqın iradəsinin ifadəsi kimi dəyərləndirilir. Heydər Əliyevin bu sahədəki fəaliyyəti ölkəmizin davamlı inkişafını təmin edən hüquqi və ideoloji əsasları müəyyən etmişdir.
Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar, sosial ədalət və humanizm prinsipləri zamanla dövlət idarəçiliyində ardıcıl siyasət xəttinə çevrilmiş, hüquqi dövlət quruculuğunun fundamental dayaqlarını formalaşdırmışdır. İnsan amilinin hər zaman dövlət siyasətinin mərkəzində saxlanılması, vətəndaş rifahının qorunması və sosial ədalətin təmin edilməsi Ulu Öndərin idarəçilik fəlsəfəsinin əsasını təşkil etmişdir. Bu ideoloji-siyasi irs bu gün də dəyişməz olaraq davam etdirilir və müasir idarəetmədə əsas prioritetlərdən biri kimi qalır.
Suverenliyin təmin olunması və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə reallaşması müasir tariximizin ən mühüm mərhələlərindən biridir. Bu reallıq ölkəmizin ərazi bütövlüyünün göstəricisi olaraq çıxış edir. “Konstitusiya və Suverenlik İli” məhz həmin məzmunu özündə ehtiva edən konseptual yanaşmadır və bu çərçivədə irəli sürülən təşəbbüslər dövlətin həm hüquqi legitimliyini, həm də ictimai etimadını gücləndirir. Belə bir mərhələdə hüquqi sistemin humanist mexanizmlərinin işə salınması, sosial barışın möhkəmləndirilməsi və cəmiyyətin sağlamlaşdırılması istiqamətində atılan addımlar xüsusi əhəmiyyət daşıyır.
Amnistiya təşəbbüsü də bu baxımdan təsadüfi deyil, məntiqi və ardıcıl dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Həmin addım dövlətin vətəndaşla münasibətində humanist, ədalətli və məsuliyyətli yanaşmanı nümayiş etdirir. Prezident İlham Əliyev tərəfindən 15 dekabr 2025-ci ildə irəli sürülmüş amnistiya təşəbbüsü dövlətin ədalətli və mərhəmətli yanaşmasının növbəti göstəricisidir. Bu təşəbbüs cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına imkan yaratmaqla yanaşı, hüquqi məsuliyyət anlayışının humanist çərçivədə tətbiqini də təmin edir. Hüquqi siyasətdə əsas məqsəd cəmiyyətdə sosial harmoniya və ictimai təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, fərdlərin islah olunması, onların cəmiyyətə qaytarılmasıdır. Dövlət siyasətində insan amilinin mərkəzi yer tutması, cəzanın yalnız repressiv mexanizm kimi deyil, həm də islah edici və tərbiyəvi funksiya daşıması hüquqi mədəniyyətin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu humanist yanaşma, həmçinin dövlətin qanunların tətbiqi zamanı çevik və adaptiv qərar vermə qabiliyyətini ortaya qoyur.
Amnistiya layihəsində nəzərdə tutulan kateqoriyalar dövlətin sosial məsuliyyət anlayışını açıq şəkildə ortaya qoyur. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Həmin yanaşma hüququn tətbiqi ilə mərhəmət prinsiplərinin balanslaşdırılmasının təzahürü olaraq mühüm önəm kəsb edir. Amnistiya aktı tətbiq dairəsinə görə müstəqillik dövrünün ən genişmiqyaslı hüquqi-humanitar addımı olacaqdır. 20 mindən çox insanın hüquqi statusuna müsbət təsir göstərəcək bu qərar yalnız fərdlər üçün deyil, bütövlükdə cəmiyyət üçün sosial rahatlama, ictimai etimad və hüquqi sabitlik yaradacaqdır. Bu statistika dövlətin hüquqi siyasətini sosial tənzimləmə və vətəndaşla etimad əlaqələrinin gücləndirilməsi naminə əhəmiyyətli bir vasitə kimi dəyərləndirdiyini nümayiş etdirir.
Ümumilikdə əfv fərmanı və sərəncamların, amnistiya aktlarının ardıcıl tətbiqi ölkədə humanizmə əsaslanan hüquqi ənənənin formalaşmasına xidmət etmişdir. Bu sahədə atılan addımlar göstərir ki, mərhəmət prinsipi dövlət siyasətində davamlı və sistemli xarakter daşıyır. Həmin prosesdə parlament təşəbbüsləri, ictimai gözləntilər və dövlətin strateji baxışı birləşərək hüquqi-humanitar qərarların qəbulunu təmin edir və sosial barışın möhkəmlənməsinə töhfə verir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü müasir dövlətçilik ənənələrinin, hüquqa sədaqətin və humanist idarəetmənin real göstəricisidir. Həmin addım bir daha sübut edir ki, güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, insan ləyaqətinə hörmət, ədalət və mərhəmət dəyərləri ilə ölçülür. Məhz bu yanaşma müasir idarəetmənin humanist təməlini təşkil edir, dövlətin vətəndaşlarla münasibətində etibarlı və səmərəli bir model kimi çıxış edir.