Asif Əsgərov
Milli Məclisin deputatı
Ölkəmizdə müasir dövlətçilik ənənələrinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi iradəsi, uzaqgörənliyi və xilaskarlıq missiyası sayəsində müstəqil dövlət quruculuğu prosesi həyata keçirilmiş, ölkənin hüquqi və institusional əsasları möhkəmləndirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyin hüquqi təməli kimi çıxış edərək demokratik idarəetmə, insan hüquqlarının qorunması və hüququn aliliyinin təmin edilməsində həlledici rol oynamışdır. Bu möhkəm hüquqi baza üzərində qurulan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində məhz insan amili, vətəndaşların rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu yanaşma cinayət-hüquq siyasətinə də öz təsirini göstərmiş, cəzanın yalnız repressiv alət deyil, həm də tərbiyəvi və islahedici mahiyyət daşıması əsas prinsip kimi qəbul edilmişdir. Dövlətin humanist mahiyyəti, vətəndaşların hüquqlarına hörmət və sosial məsuliyyət anlayışı əfv qərarları və amnistiya aktlarıının tətbiqində əks olunur. Sözügedən yanaşma həm də hüquqi dövlət prinsiplərinin, ədalət və bərabərlik ideallarının konkret praktik təzahürüdür.
Dövlət suverenliyinin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması xalqımızın müasir tarixində mühüm önəm kəsb edir. Bu tarixi nailiyyətlər fonunda Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Həmin addım humanizm və mərhəmət ənənələrinə sadiqliyi, cəzadan azad ediləcək şəxslərin qanunlara əməl edəcəklərinə və dövlətin inkişafına töhfə verəcəklərinə inamı ifadə edir. Təşəbbüs yalnız fərdlərin hüquqlarını bərpa etməklə kifayətlənmir, həm də cəmiyyətin sosial barışını, ictimai harmoniyanı və hüquqi sabitliyi gücləndirməyə yönəlib.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bu yanaşma dövlətin ədalət və humanizm prinsipinə əsaslanan diferensial siyasətini açıq şəkildə nümayiş etdirir və hüquqi mədəniyyətin yüksəkliyini təsdiqləyir.
İrəli sürülən təşəbbüs tətbiq olunacaq şəxslərin sayına görə müstəqillik dövrünün ən böyük amnistiyası olacaqdır. Bu akt 20 mindən çox şəxsi əhatə edəcək, onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, minlərlə məhkum isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad olunacaq. Belə bir təşəbbüs həm də hüquqi sistemdə ədalət və humanizmin balansını qorumağa xidmət edir, eyni zamanda ictimai inamı möhkəmləndirir və cəmiyyətin sosial rifahına müsbət təsir göstərir.
Ümumilikdə, qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli Lider Heydər Əliyevin dövründə imzalanan əfv fərmanları və qəbul edilən amnistiya aktları bu sahədə möhkəm ənənə yaratmışdır. Prezident İlham Əliyevin dövründə isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı və 5 amnistiya aktı həyata keçirilmişdir. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktları humanist dövlət siyasətinin mühüm səhifələrindəndir. Bu faktorlar göstərir ki, mərhəmət prinsipi dövlət siyasətində sistemli və uzunmüddətli siyasət kimi həyata keçirilir.
Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü dövlətin insan ləyaqətinə, ədalət və humanizm dəyərlərinə hörmətlə yanaşdığını nümayiş etdirir. Bu addım müasir dövlətçilik ənənələrinin, hüquqi dövlət prinsipinin və humanist idarəetmə anlayışının bariz göstəricisi kimi tarixə düşəcək. Amnistiya təşəbbüsü həm fərdlərin hüquqlarının bərpası, həm də ictimai barışın möhkəmləndirilməsi baxımından mühüm önəm kəsb edir. Bütün bunlar dövlətin inkişaf strategiyasını insan yönümlü, humanist və hüquqi əsaslarla həyata keçirdiyini növbəti dəfə sübut edir.