"Dövlət suverenliyinin tam bərpası əməliyyatı heç də gözlənilməz addım deyildi"

 "Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbənin nəticəsi kimi imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq o zaman hələ də Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələrinin mövcudluğunun regional sülhü və sabitliyi ciddi şəkildə təhdid etməsi artıq heç kimdə şübhə doğurmurdu. Məhz bu təhlükə mənbəyini neytrallaşdırmaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Dövlət suverenliyinin tam bərpası əməliyyatına başladı. Xüsusi olaraq belə bir məqama diqqət yetirmək lazımdır ki, təxminən bir sutka davam edən əməliyyatın gedişində Azərbaycan Ordusu heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirdi". 

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi və Dövlət suverenliyinin tam bərpasına yönəlmiş əməliyyat Qarabağda separatizmin kökünü kəsə biləcək yeganə effektiv təsir vasitəsi idi: "Yalnız bu yolla həm ölkəmizdə, həm də ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın əldə olunması mümkün idi. Həmin vaxtdan keçən iki il ərzində şahidi olduğumuz hadisələr, regionumuzda gedən proseslər də bu əməliyyatın tarixi zərurət olduğunu bir daha təsdiq edir. Bu zərurət isə, birbaşa Ermənistanın məsuliyyətsiz və aqressiv davranışlarının nəticəsi kimi meydana çıxmışdı. Rəsmi İrəvanın bu siyasəti öz qanlı təzahürlərini ölkəmizə qarşı törədilən silahlı təxribatlarda tapırdı”. 
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini ən qısa zamanda tam bərpa edəcəyi ölkəmizin Vətən müharibəsindən sonra keçən üç il ərzində atdığı məqsədyönlü addımlardan da açıq-aşkar məlum idi: “Qeyd etmək lazımdır ki, ölkəmizin keçirdiyi Dövlət suverenliyinin tam bərpası əməliyyatı heç də gözlənilməz addım deyildi. Azərbaycan hələ ona qədər öz vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə atdığı məqsədyönlü addımlarla son tədbir vasitəsi kimi hərbi əməliyyatın keçirilə biləcəyinə dair açıq-aydın mesajlarını verirdi. Bu baxımdan 2023-cü il aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması önəmli hadisə idi. Bununla Azərbaycan öz sərhədlərinin bütövlüyü təmin etmiş oldu. Heç şübhəsiz bu tarixi qərar ölkəmizin ən qısa zamanda özünün ərazi bütövlüyünü və suverenliyini də tam bərpa edəcəyinə dair Ermənistana və bu ölkənin xarici havadarlarına ünvanlanan ciddi mesaj idi. Lakin qarşı tərəf bu mesajları ciddiyə almadı. Əksinə, Ermənistan və havadarları ölkəmizi sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham etməyə və bu yolla uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışırdılar. Lakin nəticə olaraq Azərbaycan Ermənistanı təkcə hərb meydanlarında deyil, həm də siyasi-diplomatik müstəvidə ağır məğlubiyyətə uğratdı. Bu gün şahidi olduğumuz mütərəqqi proseslər də Azərbaycanın bütün aspektlərdən haqlı olduğunu birmənalı sübuta yetirir”.