Əfqan nazir: “Kişilər işləyirlərsə, qadınların çalışmalarına ehtiyac qalmır”

“Kişilər işləyirlərsə, qadınların çalışmalarına ehtiyac qalmır, belə olan halda isə oxumaq da lazım olmur”.

Bu açıqlama ilə “Taliban” tərəfindən təyin edilən Əfqanıstanın ali təhsil naziri Məhəmməd Neda Nadim çıxış edib.

Məhəmməd Neda ali məktəblərdə istifadə edilən dərsliklərin dəyişdiriləcəyinin də anonsunu verib:

“İlk dəyişiklik dil və ədəbiyyat fakültələrində istifadə edilən kitablarda olacaq”.

Əfqanıstanın ali təhsil naziri əlavə edib ki, universitetlərdə həm dini, həm də müasir elmlərin öyrənilməsi zəruridir.

Məhəmməd Nedanın müavini isə bəyan edib ki, Əfqanıstanın yeni tədris proqramı beynəlxalq standartlara cavab verəcək.

Xatırladaq ki, hazırda Əfqanıstanda qadın tələbələr universitetlərə buraxılmırlar. “Taliban” qadağanın qadınların təhlükəsizliyi ilə əlaqədar olduğunu, nəzərdə tutulan tədbirləri həyata keçirəndən sonra zərif cinsin nümayəndələrinin təhsil almalarına heç bir məhdudiyyətin tətbiq edilməyəcəyini bəyan edib.