Əhməd İsmayılov: Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir

Dezinformasiya bizim ümumi problemimizdir və onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır.

Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda dezinformasiya problemi ölkənin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir:

"Xüsusilə, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik səpmək üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir".

Ə.İsmayılov qeyd edib ki, bu kimi zərərli tendensiyaları aradan qaldırmaqda peşəkar medianın üzərinə iki qat məsuliyyət düşür:

"Hər bir ölkənin doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin möhkəmləndirilməsi əsas məqsəd kimi qarşımızda dayanır. Eyni zamanda, Türkiyə-Azərbaycan birgə media platforması çərçivəsində, habelə digər türk dövlətləri ilə keçirdiyimiz birgə forumlar və mötəbər tədbirlərdə dezinformasiya ilə mübarizə məsələləri daim diqqət mərkəzində olmuşdur".