Elçin Əmirbəyov: “Azərbaycan Çini strateji tərəfdaş hesab edir”

“Azərbaycan Çini strateji tərəfdaş hesab edir”.

Sabahinfo.az xəbər verir ki, bunu Çinin "Feniks TV" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Ölkələr arasındakı ikitərəfli münasibətləri şərh edən E.Əmirbəyov Azərbaycanın Çinlə siyasi dialoqunu dərinləşdirmək və gücləndirmək istəyini vurğulayıb.

"Biz hesab edirik ki, ölkələrimiz arasında dialoqun keyfiyyəti yüksək səviyyədədir. Çinin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlər yaxşıdır, onlar bir neçə dəfə görüşüblər. Bu isə ikitərəfli əməkdaşlığın keyfiyyətinə daha da yaxşı təsir edib".

E.Əmirbəyov qeyd edib ki, Çinin beynəlxalq münasibətlərdə rolu çox mühümdür, çünki bu ölkə BMT Təhlükəsizlik Şurasının görkəmli üzvü və Azərbaycana dost ölkədir:

“Ötən il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Təbii ki, 2022-ci ilin sentyabrında liderlərimizin Səmərqənddə görüşməsi təsadüfi deyildi. Siyasi dialoqumuzun yüksək keyfiyyəti liderlərimiz arasında olan yaxşı münasibətlərdən irəli gəlir. Onlar təkcə ikitərəfli məsələlərdə deyil, beynəlxalq gündəmdə də qarşılıqlı anlaşmaya malikdirlər”.

O bildirib ki, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha çox iş görülməli olduğu barədə, həmçinin hökumət üzvləri, liderlər və parlamentlər səviyyəsində müntəzəm təmasların davam etdirilməsinə dair razılığa gəliblər:

"Çin Azərbaycanı yeni cəlbedici turizm məkanı hesab etsə, biz çox şad olardıq. Ona görə də razılaşdıq ki, iki ölkə arasında birbaşa aviareyslər tezliklə bərpa olunsun. Bu, insanlar arasında əlaqələri də gücləndirəcək".

E.Əmirbəyov “Bir kəmər - bir yol” layihəsinin rolunu da şərh edib.

“Azərbaycan ənənəvi enerji resursları, neft və qaz tədarükçüsü kimi tanınır, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. Düşünürəm ki, hər iki lider Çin tərəfindən 10 il əvvəl “Bir kəmər - bir yol” layihəsi çərçivəsində irəli sürülmüş təşəbbüsdən faydalanmaq üçün daha çox şey edə biləcəyimiz barədə razılığa gəliblər”, - bildirib.

Prezidentin nümayəndəsi əlavə edib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında əlaqələrin təmin edilməsində rol oynayıb. Ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin təmin edilməsində çox fəal olub, həmçinin Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib:

"Bu, Orta Dəhliz adlanan layihənin həyata keçirilməsi üçün böyük ölçüdə istifadə oluna bilən və Azərbaycanın tam dəstəklədiyi "Bir kəmər - bir yol" təşəbbüsü ilə uyğunlaşdırılan infrastrukturdur".