Əldə olunmuş tarixi Qələbə bütün Türk dünyasının zəfəridir

“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar sırasında məhz Zəngəzur dəhlizi xüsusilə böyük önəm kəsb edir. Həm də bu önəm təkcə yeni logistik arteriyaların yaradılması ilə ortaya çıxan iqtisadi aspektlərlə bağlı deyil. Məsələ bundadır ki, Zəngəzur dəhlizi illər öncə parçalanmış Türk dünyasını yenidən birləşdirəcək.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Millət vəkilinin sözlərinə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə xüsusi olaraq vurğulanan bu məqam Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələrinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyinin daha bir göstəricisidir: “Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu gün türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, dünyada türkdilli xalqların maraqlarının müdafiəsi məqsədilə bu dövlətlərin vahid platformadan çıxış etməsi, eləcə də türk dünyası ilə digər ölkələr arasında sabit əlaqələrin qurulması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən beynəlxalq qurumdur. Xüsusilə son illər biz bu təşkilatın dünyada nüfuzunun durmadan artdığını müşahidə edirik. O cümlədən bu gün artıq 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olması da bu yüksək nüfuzun bir göstəricisidir. Qürurverici haldır ki, məhz Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə Türk Şurasının nüfuzu məlum hadisələr səbəbilə daha da artıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə də xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq bildirib ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Beləliklə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə əslində bütün Türk dünyası üçün  tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir.”

Həmçinin keçirilən Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığı xüsusi olaraq qeyd olunmuş və bu imkanlar çox yüksək qiymətləndirilmişdir. Aqiyə Naxçıvanlı bu yeni imkanların da Azərbaycanın türk dünyasına və bütün dost və qonşu ölkələrə misilsiz bir töhfəsi olduğunu qeyd edib:

“Məlumdur ki bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Lakin Azərbaycan hər zaman olduğu kimi, bu imkanları da öz dostları və qonşuları ilə paylaşmağa hazırlığını tam səmimiyyətilə nümayiş etdirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə etdiyi çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu xüsusda son dərəcə konstruktiv fikirlər ifadə edərək dedi: “Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.” Göründüyü kimi, Azərbaycan bütün region ölkələrinin, eləcə də Avrasiya məkanında yerləşən digər dövlətlərin iqtisadi inkişafına öz dəyərli töhfələrini verməkdə davam edir.”

 

Aqiyə Naxçıvanlı

Milli Məclisin deputatı