Elşad Həsənov sakinlərlə görüşdü

Yasamalda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib.

Sabahinfo.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı “Gənc istedadlar” liseyinin akt zalında baş tutub.

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.  Öncə söz alan Yasamal rayonunun sakinləri vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər.

Daha sonra onlar mənzil növbəsi, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi həyət evlərində qrunt suları probleminin həlli, istismar müddəti bitmiş binaların söküntüsü, ərazilərin təmir-bərpası, rayonda tanınmış ziyalıların yubileyinin qeyd edilməsi, tikinti layihələri, nizamsız avtoparkinqlərlə mübarizə, səkilərin bərpası və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.

Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.