Ermənistan dünya tarixinə həm neofaşizmin, həm də vandalizmin yeni nümunələrini təqdim edib

“1992-1993-cü illərdə Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, Xocalı soyqırımını törətməklə, abidələri, qəbiristanlıqları, məscidləri dağıtmaqla dünya tarixinə həm neofaşizmin, həm də vandalizmin yeni nümunələrini təqdim etdi. Son 30 il ərzində erməni faşistləri Azərbaycan şəhərlərini dağıtdılar, bütün evləri, abidələri sökdülər, işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-ini tamamilə məhv etdilər, dini ocaqlarda donuz və inək saxladılar. Zəngilanda, Qubadlıda, Cəbrayılda, Ağdamda, Füzulidə demək olar ki bütün binaları, tikililəri dağıtdılar. Yalnız bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər oldu. Bunun da səbəbi beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına zidd olaraq Ermənistanın bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti yürütməsi idi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən istənilən şəxs Ermənistanın vəhşiliyinin, vandallığının izləri əyani şəkildə görür: “Yol boyunca özülünə qədər dağıdılmış yüzlərlə binalar, evlər, mina təhlükəsini göstərən işarələr, məhv edilmiş qəbiristanlıqlar erməni barbarlığı və vandalizminin miqyası barədə faktiki təsəvvürü yaradır. Bəlkə də elə bu təsəvvürün nəticəsidir ki, Ağdamla qarşılaşan insanlar bu şəhərin “urbisid qurbanı”, “ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” adlandırılmasını təsadüfi hesab etmir”.

“Bu gün artıq ermənilərin dağıtdığı, viran qoyduğu əraziləri Azərbaycan dövləti bərpa etməyə, işğaldan azad olunmuş şəhərlərə, rayonlara, kəndlərə həyatı qaytarmağa başlayıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Şəhərsalma Forumunda bildirdiyi kimi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq: “Artıq Böyük Qayıdış proqramı da başlayıb. Zəngilanda artıq 30 il öncə didərgin salınmış insanlar yenidən məskunlaşıblar. Təxminən iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində də bir neçə min insan yaşayacaq. Heç şübhəsiz ki, işğaldan azad olunmuş bütün yerlərə insanlarımız qayıdacaq, yenidən məskən salacaqlar. Hazırda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, bu ay Zəngilan Beynəlxalq Hava Limanının açılışı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün bunlarla yanaşı sosial-iqtisadi infrastruktur yenidən qurulacaq və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmaları üçün bütün lazımi şərait yaradılacaq”.