Ermənistanın yeganə xilas yolu Azərbaycanla sülh şəraitində yaşamaqdır

Ermənistanın yeganə xilas yolu Azərbaycanla sülh şəraitində yaşamaqdır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib. Deputat qeyd edib ki, Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ölkəmizə qarşı açıq düşmənçilik mövqeyidir:

"Bir neçə gün əvvəl Fransa Senatının qəbul etdiyi qərəzli qətnamədən sonra belə bir addımın atılması Azərbaycana qarşı məkrli niyyətlərdən xəbər verir. Artıq şübhə doğurmur ki, Fransa sönməkdə olan münaqişəni yenidən alovlandırmaq niyyətindədir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini, regionda sabitliyin yaranmasını həzm edə bilmir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına hər vəchlə zərbə vurmağa çalışır. Bütün bunlar təbii ki, erməni lobbi təşkilatlarının sifarişindən qaynaqlanır. Bu ölkənin açıq şəkildə təcavüzkarı himayə etməsi Ermənistanın işğalçılıq siyasətini bölüşməsi deməkdir. ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan zaman da Fransa münaqişənin nizamlanmasına deyil, uzanmasına çalışıb. Bu gün həmin formatın işləməməsi, həmçinin Fransanın sülh danışıqlarından kənarda qalması bu ölkəni müxtəlif riyakarlıqlara əl atmağa sövq edir. Milli Assambleyanın qəbul etdiyi qərəzli qətnamə də bunun sübutudur. Həmin qətnamə layihəsinin həmmüəlliflərinin Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlar olması faktı hər şeyi deyir. Fransanın Azərbaycanla Ermənistanın sülh gündəliyində yer almaq istəyi, Ermənistanın buna yönəlik cəhdləri isə uğursuzdur. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident cənab İlham Əliyev açıq şəkildə bəyan etdi ki, “Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik”.

Çox yaxın keçmişdə Avropa məkanında multikultural siyasətin və multikultural dəyərlərin iflasa uğradığını rəsmi şəkildə bəyan edən Fransa hökuməti indi bizə regionda sülhü və qonşuluq siyasətini yenidən qurmağımıza maneçilik etməməlidir və edə də bilməyəcək. Hesab edirəm ki, Fransa dairələrində Azərbaycan əleyhinə aparılan açıq düşmənçiliyə qarşı sərt mövqe nümayiş etdirilməlidir.

Yaxşı olardı ki, erməni hakimiyyəti öz qeyri sağlam yanaşmasından əl çəksin, xaricdə özünə havadarlar axtarmaq əvəzinə ölkəmizin ona təklif etdiyi sülh təklifinə müsbət cavab versin. Erməni hakimiyyəti və erməni xalqı bilməlidirlər ki, onların yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdan keçir.

Erməni diasporu neçə illərdir milyardlarla pul xərcləyirlər dünyanın müxtəlif ölkələrində satılmış siyasətçilərə, lobbi şirkətləri böyük pullar qazanır, itirən isə erməni xalqıdır. Nə bu saxta qərarlar, nə də ki, heç bir dövlətin təzyiqləri Azərbaycan dövlətini, Azərbaycan xalqını öz inkişaf yolundan, regionda lider rolundan döndərə bilməyib və bilməyəcək. Düşünürəm ki, bu həqiqəti hər kəs dərk etməlidir", - E.Hacıyev vurğulayıb.