Ərzaq yükü bir həftədir Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən iki yük maşını artıq yeddi gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Sabahinfo.az xəbər verir ki, cəmiyyətin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Xatırladaq ki, AzQAC avqustun 29-da Qarabağda yaşayan erməniəsilli sakinlər üçün içərisində 40 ton un olan iki yük maşını göndərib.